Dünya Bankından İranla bağlı qorxunc proqnoz
17-10-2019, 16:57

2019-2020-ci illərdə İran iqtisadiyyatının ardıcıl olaraq ikinci il durğunluq yaşayacaq və iqtisadi inkişaf səviyyəsi mənfi 7-8-ə düşəcək.
Cebhe.info-nun məlumatına görə, Dünya Bankının İrana dair hesabatında belə qeyd edlib. Proqnoz göstəricilərə əsasən, illik inflyasiya həddinin 38 faizi aşacağı, eləcə də İranda iqtisadi fəaliyyət imkanları daha da azalacağı gözlənilir. Hesabatda İranın iqtisadi artım tempinin mənfiyə doğru dəyişəcəyi bildirilir. Dünya Bankının əsaslandırmasına görə, İran iqtisadiyyatının getdikcə daha da geriyə getməsi və iflic olmasının əsas səbəbi xarici amillər səbəbindən neft və qaz satışının kəskin aşağı düşməsidir. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları 2018-ci ilin noyabr ayında İranın neft və qaz sektoruna qarşı sanksiyalar tətbiq edib. 2019-cu ilin may ayının 2-də bu sanksiyalarda istisna kimi qəbul edilmiş səkkiz ölkəyə verilmiş vaxtın başa çatmasından sonra İranın qara qızıl ixracatı iflic vəziyyətə düşüb. Beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda hazırda rəsmi Tehranın gündəlik 120 min bareldən az neft sata bildiyi qeyd edilir. Embarqolardan öncə bu rəqəm gündəlik 2.6 milyon barel təşkil edirdi. Dünya Bankı mövcud vəziyyəti neftdən başqa, ölkənin bank sektoru, neft-kimya və əlvan metallurgiya kimi gəlirli sahələrinə qoyulmuş sanksiyalarla da əlaqələndirir. İran iqtisadiyyatının 2020-ci ilin sonuna qədər əvvəlki iki il ilə müqayisədə 10 faiz kiçiləcəyi proqnozlaşdırır. Neftdən əldə edilən gəlirlərin kəskin şəkildə azalması İran hökumətinin dilindən də eşidilir.
Ötən həftə dövlətin sözçüsü Əli Rəbii, eləcə də Büdcə Planlaşdırılması Təşkilatının sədri Məhəmməd Bağır Növbəxt qara qızıldan hasil olan dövlət gəlirlərinin azalmasına görə, gələn ilin büdcə layihəsindən neft gəlirlərinin çıxarılacağını bəyan etmişdilər. Hesabatda qeyd edilir ki, bank sektoruna qarşı tətbiq edilmiş sanksiyalar səbəbindən İran digər ölkələrlə başqa sektorlarda da ticari münasibətlər qura bilmir. Buna görə də İran neft gəlirinin azalmasını qeyri-neft sektorunun inkişafı ilə kompensasiya etmək iqtidarında deyil. Dünya Bankının yaydığı sənəddə İranda əmlak sektorunda yaşanan durğunluq da vurğulanıb. Ötən ay İranın Mərkəzi Bankı qiymətlərin kəskin yüksəlməsi səbəbindən Tehranda ev alqı-satqısının 2018-ci ilə nisbətən 73 faiz azaldığını bildirsə də, Bank bu rəqəmi 78 faiz göstərib. Hesabatda həmçinin yaranmış ağır iqtisadi şəraitdə bəzi ərzaq məhsullarının 2-3 dəfə bahalaşdığı da qeyd edilib. Dünya Bankı 2019-2020, həmçinin ondan sonrakı daha iki il ərzində İranın qara qızıl ixracatını gündəlik orta hesabla 500 min barel hesablamaqla, yenə də bu ölkənin iqtisadiyyatının göstərilən müddət ərzində böhranlı olacağını qeyd edib. Yüksək inflyasiya həddi və ümumi daxili məhsulun kəskin azalması öz növbəsində, işsizliyin çoxalması və yaşayış xərclərinin yüksəlməsi kimi amillərlə kasıblıq həddini daha da artıracaq.