Rusiya telekanalından sensasiya: “Rusiya Ermənistana “İsgəndər” sistemləri verməyib”
17-12-2019, 16:30
“Rusiyanın istehsal elədiyi yeni nəsil zenit-raket kompleksi olan “İsgəndər” sistemləri hələ ki, xaricə ixrac edilməyib. Bu sistemlərin ixrac variantı təzəcə hazırlanıb”.
Musavat.com Minval.az-a istinadən xəbər verir ki, belə bir fikir Rusiyanın Kremlin rəsmi ruporu olan “Rossiya” telekanalının “Vesti” proqramında prezident Vladimir Putinin sədrliyi ilə bu günlərdə keçirilmiş və hərbi-texniki əməkdaşlıqla bağlı komissiyanın iclasına həsr olunmuş reportaj zamanı səslənib.
Yəni belə qənaət hasil olur ki, hələlik bu sistemlər heç kimə satılmayıb. Demək, erməni tərəfinin bəh-bəhlə bəyan etdiyi və Azərbaycan qarşı “əvəzolunmaz silah” kimi təqdim etdiyi “İsgəndər”lər 2016-cı ilin sentyabrında İrəvanda Ermənistanın müstəqillik günü münasibətilə keçirilən hərbi parad zamanı da meydandan keçməyib. “İsgəndər” kimi təqdim edilən sistemlər isə adi komplekslər olub.
Xatırladaq ki, o zaman Ermənistan rəhbərliyi Rusiyadan “İsgəndər” komplekslərini aldığını bəyan etmişdi. Bunun ardınca erməni generalları Azərbaycanı müntəzəm şəkildə həmin sistemlər vasitəsi ilə Bakının neft platformalarını belə, vura biləcəkləri ilə hədələyiblər.