Rusiyanın ən məxfi hərbi təyyarəsi Suriya səmalarında göründü
21-12-2019, 20:18
Suriyanın hava məkanında Rusiyanın ən məxfi hərbi təyyarələrindən biri görünüb.
Turkustan.info xarici KİV-lərə istinadən xəbər verir ki, ərəb respublikasının səmalarında Tu-214PY-SBUS təyyarəsinin uçuşları qeydə alınıb. Bu təyyarə hava komanda məntəqəsi rolunu oynayır və hazırda Rusiyanın silahlanmasında cəmi bir neçə belə təyyarə var. İndkiyə kimi onun imkanları və texniki xarakteristikaları açıqlanmır, məxfi saxlanılır.
Hərçənd məlumdur ki, Tu-214PY-SBUS xüsusi təyinatlı təyyarədir. O, aviasiya idarəetmə məntəqəsi rolunu oynayır və bu məntəqədən mühüm xüsusi əməliyyatlar, o cümlədən taktiki və strateji silahların tətbiqi koordinasiya edilir.
Xəbərlərə görə ötən gün axşam İdlibdən cənubda, Hama və Latakiyə əyalətlərindən şimalda Suriya ordusunun irimiqyaslı hücumu başlayıb. İstisna deyil ki, təyyarə həmin hücum zamanı Rusiya və Suriya hərbçilərinin fəaliyyətlərini koordinasiya edəcək, habelə qanadlı raketlərin hədəfə yönləndirilməsini və korrektəsini həyata keçirəcək. Təyyarənin göndərilməsi belə təxmin etməyə əsas verir ki, Rusiya Suriyanın şimalında mövqe tutmuş yaraqlılara havadan kütləvi zərbələr endirəcək.
Rusiya Müdafiə Nazirliyi təyyarənin hansı missiya ilə göndərildiyini açıqlamayıb. “Tu-214PY-SBUS kimi aviabort Suriyada elə-belə peyda ola bilməz. Aydındır ki, biz təfərrüatlar haqda daha sonra, ola bilsin yaxın saatlarda eşidəcəyik”,-rusiyalı hərbi ekspert situasiyanı şərh edib. /Virtualaz.org/