Trampdan sensasion bəyanat: "ABŞ-ın ölümcül virusla mübarizə üçün planı var"
23-01-2020, 01:49
"Bu təhdidin təbii və ya bizim 1965-ci ildən bildiyimiz koronavirusun məqsədli şəkildə mutasiya edilmiş formasının olduğunu aydınlaşdırmaq lazımdır" - Gennadi Onişşenko
Prezident Donald Tramp Davosda keçirilən Ümumdünya İqtisadi Forumun kuluarlarında bəyan edib ki, Birləşmiş Ştatların Çində aşkarlanan yeni koronavirusun yayılmasının qarşısını almaq üçün planı var. Bu barədə Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir.
"Bizim həqiqətən də planımız var və biz hesab edirik ki, bunun öhdəsindən yaxşı gələcəyik. Biz artıq onun öhdəsindən gəlirik. Xəstəliklərə nəzarət üzrə Mərkəz (CDC) möhtəşəm işləyir", - deyə Tramp bildirib.
Xatırladaq ki, artıq yayılan virusla əlaqədar olaraq qonşu Rusiyada da həyəcan təbili çalınıb. Rusiya Səhiyyə nazirinin müavini Sergey Krayevoy bəyan edib ki, Çin ərazisində yayılan yeni koronavirus Rusiya əhalisi üçün bioloji təhdiddir. Rusiya Dövlət Dumasının deputatı və Rusiyanın sabiq baş sanitarı Gennadi Onişşenko isə deyib ki, Çin ərazisində yayılan koronavirusun mənşəyi tədqiq olunmalıdır. Onun sözlərinə görə, bu təhlükənin təbii və ya insan tərəfindən yaradıldığını anlamaq lazımdır: "Dünya doğrudan da "yeni təhlükənin astanasındadır". Çin sədri Si Tszin Pin artıq "yerli regional strukturları sərt şəkildə tənqid edib", bu isə o anlama gəlir ki, problem "olduqca ciddidir". Bu təhdidin təbii və ya bizim 1965-ci ildən bildiyimiz koronavirusun məqsədli şəkildə mutasiya edilmiş formasının olduğunu aydınlaşdırmaq lazımdır. Biz bu virusu həmin vaxtdan tanıyırıq. Hazırda o, insan sağlamlığı üçün olduqca təhlükəlidir".
Qeyd edək ki, yayılan virusla əlaqədar olaraq Çində 17 nəfər dünyasını dəyişib, 440-dan artıq şəxs isə bu virusa yoluxub.