İsveçdə Baş Nazir Ulof Palmenin qətlinə dair cinayət işi 34 ildən sonra bağlanıb

10-06-2020, 15:00           
İsveçdə Baş Nazir Ulof Palmenin qətlinə dair cinayət işi 34 ildən sonra bağlanıb
İsveç prokurorluğu 1986-cı ildə su-qəsd nəticəsində öldürülən ölkənin Baş Naziri Ulof Palmenin qatilinin adını açıqlayıb.

AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, qətldə şübhəli bilinən Stiq Enqstrom 2000-ci ildə intihar edib. Prokurorluq onun Baş Naziri sol görüşlərinə görə öldürdüyünü güman edir. Şübhəliyə ittiham irəli sürməyin mümkünsüzlüyü səbəbindən cinayət işi bağlanıb.

Ulof Palme 1986-cı ildə xanımı ilə kinoteatrdan çıxıb evə qayıdan zaman yolda güllə ilə vurulmuşdu. Həmin gecə o, mühafizəçini evinə buraxmışdı. Hadisədən sonra mindən çox insan dindirilsə də, qatili müəyyən etmək mümkün olmamışdı.

Qətlin baş verdiyi gün həmin ərazidə yerləşən ofisdə ləngiyən “Skandia” sığorta şirkətinin əməkdaşı Stiq Enqstrom cinayət işinə şahid kimi cəlb edilmişdi. Jurnalist Tomas Petersson hadisədən 18 il sonra Enqstromun, əslində, qatil olduğu versiyasını səsləndirmişdi.

Ulof Palme 1969-1976 və 1982-1986-cı illərdə İsveçin Baş Naziri postunda çalışıb. O, ölkədə fəaliyyət göstərən Sosial-Demokratik partiyasına rəhbərlik edib və sol görüşləri ilə məşhur olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.