Beynəlxalq məhkəmə ABŞ ordusunun hərbi cinayətlərini araşdırmağa başladı , Tramp sanksiya tətbiq etdi - “HƏR HANSI QONDARMA MƏHKƏMƏ...”

12-06-2020, 15:03           
Beynəlxalq məhkəmə ABŞ ordusunun hərbi cinayətlərini araşdırmağa başladı
Prezident Donald Tramp Beynəlxalq Cinayətlər Məhkəməsinin (International Criminal Court - ICC)(BCM) ABŞ hərbçi və kəşfiyyatçılarının Əfqanıstanda mümkün hərbi cinayətlərinin araşdırılması ilə bağlı olan əməkdaşlarına maliyyə və viza sanksiyaları qoyan sərəncamı imzalayıb.

İyunun 11-də Tramp bu sərəncamı imzaladıqdan az sonra dövlət katibi Mike Pompeo deyib ki, Vaşinqton amerikalıların “hər hansı qondarma məhkəmə” tərəfindən təhdid olunmasına yol verməyəcək. ABŞ-ın baş prokuroru Bill Barr isə “Rusiya kimi xarici qüvvələri” Haaqada mənzillənmiş bu məhkəmədən“öz məqsədləri üçün istifadədə” ittiham edib.

Birləşmiş Ştatlar 2002-ci ildə BCM-in əsasını qoymuş Roma müqaviləsini imzalamayan azsaylı ölkələrdən biridir. Haaqa məhkəməsi ədalətin bərqərar edilə bilmədiyi ərazilərdə hərbi cinayət, insanlığa qarşı cinayət və soyqırım kimi cinayətləri törədənləri mühakimə edir.

Avropa İttifaqının xarici işlər komissarı Cozef Borrell Trampın sərəncamı ilə əlaqədar “ciddi narahatlıq” ifadə edib və deyib ki, İttifaq Beynəlxalq Cinayəət Məhkəməsinin qətiyyətli dəstəkçisidir.

Ağ Evin mətbuat katibi xanım Keyli Makenani məhkəmənin hərəkətlərini “Amerika xalqının hüquqlarına qəsd” adlandırıb. O deyib ki, həmin məhkəmə Birləşmiş Ştatların və müttəfiqlərin hərbi heyətlərini hədəfləyən hesabatsız və səmərəsiz bürokratiyadan başqa bir şey deyil.

Makenani iddia edib ki, Beynəlxalq Cinayət Məhkəməsi ABŞ və onun İsrail də daxil, partnyorlarına qarşı “siyasi motivli” təhqiqatlar aparır və “düşmən ölkələr” bu məhkəməni manipulyasiya edir. Bundan başqa ABŞ məhkəmənin korrupsiyaya bulaşmasından da şübhə ifadə edib.

Trampın sərəncamına görə dövlət katibi, ABŞ hərbi heyətinin araşdırılmasında rolu olan BCM əməkdaşlarının ABŞ-ın yurisdiksiyasındakı aktivlərini bloklaya bilər. Sərəncama görə eyni sanksiyalar sözü gedən məhkəmə rəsmilərinin ailə üzvlərinə də şamil edilir. Bu isə o deməkdir ki, onların da ABŞ-a səfər etməsinə qadağan qoyulur.

Tramp administrasiyası artıq keçən il BCM üzərinə səfər məhdudiyyətləri və başqa sanksiyalar elan etmişdi. 2017-ci ilin noyabrında BCM-in prokuroru Fatou Bensouda hakimlərdən 2003-cü ilin mayından başlayaraq Əfqanıstanda törədildiyi iddia edilən hərbi cinayətlərin araşdırılmasını istəmişdi. Lakin 2019-cu ilin aprelində BCM-in məhkəməyəqədər palatası bu vəsatəti “ədalətin marağında olmaması” səbəbilə rədd etmişdi.

Amma bu ilin martında BCM-in Apellyasiya Palatası qərara gəlmişdi ki, sözü gedən təhqiqata başlana bilər. O vaxt Pompeo bu qərarı “məsuliyyətsiz” adlandırmışdı. Əfqanıstanın özü Roma müqaviləsinin üzvü olsa da, Kabul bu təhqiqatın əleyhinə çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.