Kadırovdan ittihamlara sərt cavab: "Diz çöküb, üzr istə”

17-06-2020, 16:35           
Kadırovdan ittihamlara sərt cavab: "Diz çöküb, üzr istə”
Çeçenistanın başçısı Ramzan Kadırov Gürcüstan hakimiyyətini qalmaqallı teleaparıcı Georgi Qabuniyanı tərbiyə etməyə çağırıb. Kadırov, Çeçenistan hakimiyyətinin sifarişi ilə, Rusiya prezidenti Vladimir Putini təhqir edən gürcü teleaparıcıya qarşı sui-qəsd hazırlaması ilə bağlı ittihamları təkzib edib.

Bizimxeber.az-ın məlumatına əsasən, bu barədə Kadırov öz “Telegram“ kanalında yazıb.

Qabuniyaya qarşı hazırlanan sui-qəsd haqqında məlumatı "Rustavi 2" telekanalının keçmiş baş direktoru, "Mtavari" teleşirkətinin hazırkı baş direktoru Nik Qvaramiya yayıb.

Məlumata əsasən, iyunun 12-də Tbilisinin ucqar rayonlarından birində saxta sənədlərlə gəlmiş Şimali Qafqaz sakininin saxlanılmasına dair xüsusi əməliyyat təşkil olunub. Daha sonra Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Rusiya vətəndaşının qəsdən adam öldürməyə hazırlıq işi üzrə həbs olunması barədə məlumat yayıb.

Çeçenistan lideri Ramzan Kadırov ünvanına səslənən ittihamlara öz Teleqram kanalında belə cavab verib: "Bu dəfə də deyirlər ki, guya Kadırovun sifarişi ilə dağlarda sui-qəsd etmək niyyətində olan qatil tutulub. İnanın, əgər kimsə mənim tapşırığımla hərəkət edirsə, o, onu yerinə yetirəcək, əgər tapşırığı sakit yerinə yetirmək lazımdırsa, onda heç kim, xüsusən də sizin ölkələrinizin dərin durğunluğunda olanlar bu barədə məlumat almayacaqlar", - deyə Kadırov yazıb.

Kadırov həmçinin gürcü siyasətini Ukrayna siyasəti kimi boş adlandırıb. O qeyd edib ki, özünü KİV təmsilçisi kimi təqdim edən Qabuniya böyüklük maniyasından əziyyət çəkir. Ciddi media isə onu təpiklərlə təqib edir.

Kadırov "Qabuniya dövlətimi, xalqımı təhqir edib və deməli, şəxsən məni təhqir edib. Bunu unutmamışam” – deyə vurğulayıb. O, Qabuniyaya diz çökməyi və üzr istəməyi məsləhət görüb.

Xatırladaq ki, Qabuniya keçən il "məşhurlaşıb". İyulun 7-də aparıcı Georgi Qabuniya öz müəllif proqramını Vladimir Putinin ünvanına rus dilində səsləndirdiyi senzuradankənar söyüşlə başlayıb. Gürcüstanın o vaxtkı baş naziri Mamuka Baxtadze bu hərəkəti kəskin tənqid etmişdi. Vladimir Putin insidentlə bağlı şərhində, Qabuniyaya qarşı cinayət işinin başlanmasını tələb etməyi lazım bilmədiyini bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.