ÜST koronavirusa görə dünyada fövqəladə vəziyyət elan etdi: Hansı ölkələr buna məhəl qoymadı?

22-06-2020, 13:48           
ÜST koronavirusa görə dünyada fövqəladə vəziyyət elan etdi: Hansı ölkələr buna məhəl qoymadı?
Ötən ilin dekabrında Çində meydana çıxan və sürətlə bütün dünyaya yayılan koronavirus infeksiyası bir sıra ölkələrin fövqəladə vəziyyət qərarı almasına səbəb olub.

ÜST hələ yanvarın 30-da Fövqəladə Komitənin Cenevrədə keçirilən görüşünün ardından dünyada fövqəladə vəziyyət qərarını qəbul edib. Buna baxmayaraq, bəzi dövlətlər fövqəladə vəziyyət elan etməyib.

Cebhe.info fövqəladə vəziyyət elan edən və etməyən ölkələr haqqında araşdırma edib.

Virusun ən geniş yayıldığı Avropa ölkələrindən olan İtaliyada 31 yanvardan koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, qərar İtaliyada 2 nəfərə koronavirus diaqnozu qoyulduqdan sonra verilib.

ABŞ da koronavirusa görə fövqəladə vəziyyət elan edən ölkələrdən olub. Qərarı səhiyyə və sosial xidmət naziri Aleks Azar elan edib. Qərar 2 fevraldan qüvvəyə minib.

Təkcə 13 martda üç ölkədə - Bolqarıstan, Latviya və Estoniyada fövqəladə vəziyyət elan olub. Ondan əvvəlki gün isə Slovakiya, Çexiya, Maldiv Respublikası və ABŞ-ın Arizona ştatında fövqəladə vəziyyətlə bağlı qərar qəbul olunub. Beləliklə, fövqəladə rejimin tətbiq olunduğu ştatların sayı 24-ə çatıb.

Martın 6-da Fələstin Prezidenti Mahmud Abbas koronavirus təhlükəsi səbəbindən ölkənin bütün ərazilərində fövqəladə vəziyyət elan edib.

Elə eyni gündə İranın Gilan əyalətində də fövqəladə rejim tətbiq olunub.

3 martda isə Cənubi Koreya Prezidenti Mun Çje İn infeksiya ilə bağlı "müharibə" başladığını və ölkənin bütün dövlət qurumları üçün 24 saatlıq fövqəladə vəziyyət elan etdiyini bildirib.

Yaponiyanın Hokkaydo prefekturasının qubernatoru isə fevralın 28-i koronavirus səbəbilə fövqəladə vəziyyət elan edib. Qubernator həftəsonu xüsusi hallar istisna olmaqla, sakinlərdən evdən çıxmamağı xahiş edib. Bu vəziyyət fevralın 4-ü Hindistanın Kerala ştatında müşahidə edilib.

Çexiyada 12 martda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

Bu barədə ölkənin Baş naziri Andrey Babiş deyib. Eyni zamanda respublika ərazisinə virusun geniş yayıldığı 13 ölkədən - Çin, Koreya, İran, İtaliya, İspaniya, Avstriya, Almaniya, İsveçrə, Norveç, İsveç, Niderland, Belçika və Böyük Britaniyadan turistlərin gəlişinə qadağa qoyulub.

Macarıstan hökuməti 11 martdan koronavirus təhlükəsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Bunu hökumətin rəsmi nümayəndəsi Zoltan Kovaç deyib.

Ukraynada koronavirus infeksiyasının yayılması səbəbindən ölkədə 25 martdan fövqəladə vəziyyət rejimi elan olunub. Müvafiq qərar Nazirlər Kabinetinin iclası zamanı verilib.

Azərbaycanda isə 24 martdan etibarən fövqəladə vəziyyət elan olunub. Hazırda karantin rejimi avqustun 1-dək uzadılıb.

Bununla yanaşı bir sıra dövlətlər fövqəladə vəziyyət elan etmədi.

Bu ölkələrdən biri Belarusdur. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə Böyük Vətən Müharibəsinin qələbəsi ilə bağlı pandemiyaya baxmayaraq, hərbi parad belə keçirdi. Onun ardınca prezident açıqlama verərək bildirib ki, pandemiya siyasi oyundur və onun olmasına inanmır. Lakin belarusiyalılar koronavirusa görə karantin tətbiq barədə petisiya başladıb.

Norveçdə bir sıra məhdudiyyətlər qoyulmuşdu. Norveçin Baş naziri Erna Sulberqin sözlərinə görə, ölkə virusun yayılması ilə bağlı vəziyyəti nəzarətə götürə bilib. “İndi əsas məqsəd bu nəzarəti qoruyub saxlamaqdır”, - deyə o bildirib.

İsveç də koronavirus pandemiyası səbəbindən ümumi karantin tətbiq etməyən azsaylı dövlətlərdən biridir. Ölkə vətəndaşlarına sosial məsafəni qorumaq, evlərində çalışmaq və ölkə daxili səfərlərdən imtina etmək tövsiyə olunub.

Sinqapur koronavirus epidemiyası ilə mübarizədə hamıya nümunə göstərilən ölkələrdən biri idi.

Digər ölkələr kimi karantin tətbiq etməyən Sinqapur epidemiyanı əlaqələrin izlənməsi proqramı vasitəsilə nəzarət altına almağı bacarmışdı.

Çox sayda adamın test edilməsi və başqalarını yoluxdurma potensialı olanların təcrid edilməsi sayəsində Sinqapurda həyat normal məcrasında davam edib.

Sinqapurda məktəbləri və bəzi iş yerlərini gec bağlayıblar. Bu gecikmə yoluxmaların qəfil artmasına səbəb olub.

Aprelədək Sinqapurda hər şey nəzarət altındaymış kimi görünüb. Ancaq test edilməyən qrupların sayı artdıqca gündəlik yoluxma halları da sürətlə çoxalıb.

Məhdudlaşdırmaların Sinqapurdakı kimi az olduğu ölkələrdə həm xaricdən gələnlərin nəzarətə alınması, həm də potensial yoluxmaların təsbit ezdilməsi sayəsində uğur qazanmaq olar. Əks halda virusun yayılma sürəti sərt karantin tədbirləri və sosial məsafə tətbiq edilən ölkələrlə müqayisədə daha sürətli olar.

Epidemiyanın ilk dalğasında Sinqapur Cənubi Asiyadan gələn miqrant fəhlələri test etməyib. Hazırda hökumət bəzi yataqxanalarda karantin tətbiq edib və test yoxlanışlarına başlayıb.

"Yataqxanalar partlamağa hazır minalar kimiydi. Əcnəbi fəhlələrə münasibətdə Sinqapur üçüncü dünya ölkəsinə bənzəyir. Onları 12 nəfərlik otaqlarda yerləşdirirlər, iş yerlərinə yük maşınlarının kuzalarında aparırlar" - keçmiş diplomat Tommy Koh özünün "Facebook" statuslarından birində belə yazıb.

Tünzalə
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.