İranda seçkidən sonra "heç nə dəyişməyəcək"? - yoxsa "konstitutsion islahatlar" başlayacaq?

23-12-2020, 10:24           
İranda seçkidən sonra "heç nə dəyişməyəcək"? -
İranda prezident seçkiləri yaxınlaşır. Ölkənin dövlət aparatında isə problemlər saymaqla tükənmək bilmir.

Xəbər verildiyi kimi, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkəsinin dövlət sistemini tənqid edib. Seçki sisteminin siyasi həyatın genişlənməsinə və azadlığına yönəlmədiyini bəyan edən Ruhani güclü partiyaların yaranması üçün sistemin bunu təşviq etməli olduğunu bilidirib.

Həsən Ruhani həmçinin ölkə konstitusiyasının zamanın tələblərinə cavab vermədiyini və dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 31 ildir ki, konstitusiyanın dəyişdirilmədiyini söyləyən prezident ilkin mərhələdə bu konstitusiya mətninin 10 il üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Ruhani ümumilikdə dövlət idarəçiliyi sistemində islahatların zəruri olduğunu da qeyd edib.

31 ildir heç bir islahata getməyən İran hökumətində hazırkı sistem dəyişilə bilərmi?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında deyib ki, İranın dövlət aparatında dəyişiklik olunması üçün ilk növbədə ölkə konstitutsiyası dəyişilməlidir:

“İranın hazırkı konstitutsiyası keçid dövrü üçün nəzərdə tutulmuşdu. Hətta bu keçid dövrü üçün nəzərdə tutulan konstitutsiyanın bir sıra müddəaları reallaşmayıb. Mövcud dövrün tələbləri başqadır. İranda konstitutsion islahatların aparılması vacib şərtdir. Əgər bu həyata keçirilməzsə, ölkənin siyasi sistemində heç bir yenilik əldə etmək olmaz. Bununla yanaşı idarəetmə sahəsində heç bir uğur qazanmaq olmaz. Çünki İranda dövlət quruluşu çoxpilləlidir və bir-birinə nəzarət üzərində bərqərardır.

Ölkə konstitutsiyasına görə, dövlətin başında Ali rəhbər dayanır. Ali rəhbəri Dini Ekspertlər Şurası seçir. Dini Ekspertlər Şurasının özü isə seçkili orqandır, cəmiyyət tərəfindən seçilir. Ali rəhbər aparatının nəzarətində Dini Ekspertlər Şurası ilə yanaşı Nəzarət Şurası da var. Ali rəhbər və adını çəkdiyimiz iki qurum İranda mütləq söz sahibləridirlər. Bütün məsələləri Ali rəhbər və aparatı, Dini Ekspertlər Şurası və Nəzarət Şurası həyata keçirir. Demokratik dövlətlərdən fərqli olaraq İranda qanunverici, icraedici və məhkəmə orqanlarının verdiyi bütün qərarlar Ali rəhbərin və onun nəzarətində olan qeyd etdiyimiz iki qurumun təstiqini almayınca qüvvəyə minə bilməz.

Dini Ekspertlər Şurasının böyük əksəriyyəti mühafizəkar xəttin nəzarətindədir. Nəzarət Şurasının üzvlərinin isə yarısını Ali rəhbər, digər yarısını isə parlament təyin edir. Məhkəmə orqanının da rəhbərini Ali rəhbər təyin edir. Prezidentliyə namizədlərə də Ali rəhbər xeyir-dua verir ki, hansı namizəd seçkidə iştirak edəcək. Parlamentin sədri də eyni qayda ilə seçilir. Yəni ölkədə bütün məsələlər Ali rəhbər və onun idarəetmə institutunun nəzarəti olmadan həyata keçirilə bilməz. Yəni İranda hər şey normal demokratik dövlətlərdən fərqlidir. Normal demokratik dövlətlərdə əsas üç orqan- qanunverici, icraedici və məhkəmə orqanları sayılır. Bir də 4-cü əsas orqan kimi mətbuat qəbul edilir.

İranda isə bu üç qurumun üstündə nəzarəedici qurum var. İranda idarəedicilik ona görə ağırdır. Ali rəhbər hər şeyə nəzarət etdiyi üçün onun nəzarət şəbəkəsi yerlərdəki bələdiyyədən tutmuş, ölkə başçısına qədər mövcud və hakimdir. Hətta prezidentin təstiqlədiyi sənəd Ali rəhbərin və Nəzarət Şurasının təstiqindən keçməsə işlək sayılmır. Ona görə də ölkədə bu bürokratiya vətəndaş üçün də, prezident üçün də problemlər yaradır. Ona görə də Həsən Ruhani dövlət aparatında hansısa dəyişikliyə çalışırsa, birinci konstitutsiyadan başlamalıdır”.

Ekspert İranın dövlət sistemində hansısa dəyişikliyin gözlənilmədiyi qənaətindədir:

“İranda dövlət sistemində heç bir dəyişiklik gözlənilmir. Əvvəllər müxtəlif cəhdlər oldu ki, İranda parlament ikipalatalı olsun, yerlərdə əyalət rəhbərlərinin bir sıra hüquqlarını artırılsın. Lakin heç biri həyata keçirilməyib. Yerli idarəetmə orqanlarına bəzi səlahiyyətlər verilməlidir ki, vətəndaş durub Tehrana gəlmək məcburiyyətində qalmasın və problem yerində həllini tapsın. Bütün bu süründürməçiliklərin və artan narazılıqların səbəbi İran konstitutsiyasında islahatların aparılmamasıdır. İranda 31 il bundan öncə müvəqqəti qəbul edilmiş konstitutsiyanın qəbul edilməsindən sonra dünyada xeyli dayişikliklər olub.

Lakin İran konstitutsiyasında heç bir islahat aparılmayıb. Bu konstitutsiya dövrün tələblərinə cavab verə bilmir. Həsən Ruhanidən əvvəl də Məhəmməd Xatəmi islahatçı adı ilə hakimiyyətə gəlmişdi, lakin heç bir dəyişiklik olmadı. Rəfsəncani haqqında da analoji fikirləri söyləmək olar. İranda Məclisi - Xubrazan kimi qondarma təşkilat sıradan çıxmalıdır. Nəzarət Şurasına ehtiyac yoxdur. Hökumətin və parlamentin səlahiyyətləri artırılmalıdır. Ali rəhbər aparatının səlahiyyətləri azaldılmalıdır. Yalnız bundan sonra dəyişiklik mümkündür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.