İran zəfəranı 15 il sonra dünya bazarında - İlk partiya ABŞ-a göndərildi
6-02-2016, 11:03
İran uzun fasilədən sonra zəfəranı ABŞ bazarına çıxarmaq niyyətindədir.
BBC xəbər verir ki, iranlıların “ədvalar şahı” adlandırdığı zəfərandan dünyanın bir çox məşhur restoranlarında istifadə olunsa da, son 15 ildə onun dünya bazarında ciddi qıtlığı yaranmışdı.
“The Guardian” qəzeti yazır ki, Iran sanksiyların qaldırılmasının ardınca özünün qızıldan baha ədviyyatının idxalını artırmaq niyyətindədir. Məqalədə deyilir ki, Qərbin bir sıra supermarketlərində zəfəran qram hesabı ilə qızıldan bahadır: “Iran bütün dünyada becərilən zəfəranın 80-90 faizinə sahibdir. Bu isə o deməkdir ki, sanksiyalar dövründə bütün dünyada, ümumiyyətlə zəfəran olmamalı idi. Sanksiyalar bu qiymətli ədviyyatı qaçaqmalına çevirmiş, böyük həcmlərdə saxta zəfəran mağazalara yol tapmışdı”.
Iran Zəfəran Ixracatı Fondunun rəhbəri Məhəmməd Cavad Rezaye bildirib ki, zəfəranın ilk partiyası ABŞ-a gələn həftə çatmalıdır. Amerikaya gedəcək ilk zəfəran yükü cəmi 20 kiloqram olacaq.
Onun sözlərinə görə, sanksiyaların qaldırılması Avropaya zəfəran ixracını 40 faizədək artıracaq.
Rezaye deyib ki, sanksiyalar ləğv olunan kimi Ispaniya Irandan zəfəran almaq istəyini bildirib.
Iranlılar iddia edirlər ki, zəfəran Qərbdə geniş yayılmış depressiyaya qarşı təbii vasitədir, alzhaymer və xərçəng xəstəliklərinin müalicəsinə də kömək edir.
Iranda zəfəranı əzərək qaynar su ilə qarışdırır və plovun üzərinə qoyurlar.
Zəfəranın dünya bazarında son dərəcə baha olması onunla bağlıdır ki, 1 kiloqram kommersiya əhəmiyyətli zəfəranın əldə olunması üçün 150 min zəfəran çiçəyi yetişdirmək lazım gəlir: “Üç ləçəyi olan bu zərif çiçəyi adətən sübh çağı toplayırlar. CNN-nin ötən il yaydığı reportacda deyilirdi ki, 1 qram keyfiyyətli zəfəranın qiyməti 65 dollardır. Iran Milli Zəfəran Şurasının vise-prezidenti Qulamrza Miri deyib ki, Iran hətta sanksiyalara baxmayaraq, son 10 ayda 110 milyon dollarlıq zəfəran ixrac edib. Iran rəsmilərinin dediyinə görə, bu il ölkədə 310 ton zəfəran tədarük edilib”.
Zəfəranın 1 kilosunun qiyməti bu il 72 milyon riala (1900 dollar) çatıb. 2014-cü ildə Iran 170 ton zəfəran ixrac edərək 244 milyon dollar əldə etmişdi. Iran zəfəranı bütün dünyada 53 ölkəyə ixrac edilir: “ABŞ sanksiyalanmış məhsullar arasında zəfərana çox ciddi nəzarət edirdi və hətta Ispaniyanın zəfəran təsərrüfatlarında Iran növünün yetişdirildiyi barədə iddiaları yoxlamaq üçün bu ölkəyə xüsusi komissiya göndərmişdi”.