Qərbi Azərbaycan Xronikası: "Ləlvər dağından axan sudan limonad düzəldirdik" VİDEO
Bu gün, 11:47

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Ermənilər sənədlərə adlarımızı qəsdən səhv yazırdılar" adlı veriliş əslən Loru mahalı Allahverdi rayonunun Şamlıq qəsəbə sakini Sona Əliyevanın həyat hekayəsinə həsr olunub.
O, 1957-ci ildə anadan olduğunu, uşaqlıq, orta məktəb illərini, kənd həyatını xatırladıb: "Ləlvər dağının ətəyindən çıxan sudan limonad düzəldirdik. Meşədən meyvə, bənövşə, nərgiz, lalə, çöl armudu, fıstıq, kəklikotu, nanə-cövhər, yarpız, əvəlik yığardıq. Şamlıq şəhərtipli qəsəbə idi və 19 xalq yaşayırdı. Erməni ailəsi çox az idi, əsasən, yunanlar və azərbaycanlılar idi. Məktəblərarası yarışlarda azərbaycanlılar ilə yunanlar birlikdə qalib gələndə ermənilərin dava salırdılar. Ermənilər azərbaycanlıların doğum haqqında şəhadətnəməsini qəsdən səhv yazırdılar. Bizim öz doğma soyadımız Səfixanova olmalıdır, amma Sepxanova yazıblar. Müəllim mənimlə mübahisə edirdi ki, sizin soyad Sepxanyan olmalıdır. Deyirdim, necə olur, ana-ata azərbaycanlı, müsəlman, Sepxanyan necə ola bilər?!"
Onun sözlərinə görə, nənəsi çörək bişirəndə həmişə ermənilərə verirdi ki, yazıqdılar, qoy yesinlər: "Amma onlardan bizə qarşı qarşılıqlı bir şey olmayıb. Novruz bayramını həmişə təmtəraqlı keçirirdik, Bütün qonşulara, yunanlara qabda pay göndərərdik. Bizim aramızda fərqlilik yox idi".
Şamlıq sakini deportasiya həyatından da söz açıb: "1988-ci ilin dekabrında azərbaycanlıları qovdular: "Bizim orada kənd sovetinin sədri yunan idi. O atama dedi ki, bizə xəbər gəlib, çıxmalısınız. Ermənilər kəndlərə silahlı basqın edəcəklər. Atam, anam heç bir əşya götürmədən Axtala meşələri ilə Sadaxlıya gəldilər. Ayağı protez olan qohumumuz əşyalarını Allahverdi rayonundan keçən yol ilə aparmaq istəyirdi. Qızı ilə rayondan keçəndə ermənilər hücum edib əşyalarını yandırıb, onlara işgəncə verdilər".
S.Əliyeva sonda Vətənə qayıdış istəyindən bəhs edib: "Vətəni unutmaq mümkün deyil. Orada dünyaya göz açmışam, təmiz hava udmuşam, saf meyvələr yemişəm, bulaqdan su içmişəm. Vətəni heç nəyə dəyişmək olmaz. Orada qəbirlərimiz var, ata-baba yurdumuzdur. Biz o yerlərə mütləq qaydacağıq".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə: