Şimali Koreyanın buraxdığı raket start nöqtəsindən 790 km aralıda radarlardan itib
7-02-2016, 12:44
KXDR-in buraxdığı raket start nöqtəsindən 790 km aralıda radarlardan itib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, raket 380 km hündürlükdə olan zaman radarlardan itib.
Cənubi Koreyanın “Renhap” agentliyinin məlumatına görə, raket qabaq hissəsi ayrılan zaman radardan itib.
Qeyd edək ki, KXDR-in raket buraxılışından sonra ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.
Cənubi Koreyanın “Renhap” agentliyinin məlumatına görə, Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyanın prezidenti Pak Kın Xe təcili iclas çağırıb.
Yaponiyanın baş naziri Sindzo Abe Pxenyanın uzaqmənzilli raketin buraxdığını bildirib.
ABŞ-ın Müdafiə Nazirliyi KXDR-in buraxdığı raketin trayektoriyasını nəzarətdə saxladığını və onun ABŞ və müttəfiqləri üçün təhlükə yaratmadığını bildirib.
Qeyd edək ki, KXDR bu gün yerli vaxtla saat 09.01-də (Bakı vaxtı ilə 04.31-də)ölkənin qərb sahilində yerləşən “Soxe” kosmodromundan ballistik raket buraxılışı həyata keçirib. On dəqiqə sonra raket Yaponiyanın Okinava prefekturası üzərindən uçub. Bundan sonra ABŞ KXDR-in Sarı dəniz üzərindən cənub istiqamətində raket buraxdığını bəyan edib.