T-90 tanklarının komandirləri və Kadırovun xüsusi təyinatlıları Suriyada - "Le Monde"
8-02-2016, 20:26
Rus hərbi təlimçilər Suriya ordusunun apardığı hərbi əməliyyatlarda iştirak edirlər.
Avropa.info xəbər verir ki, bu iddia ilə Suriya müxalifətinə istinad edən Fransanın “Le Monde” qəzeti çıxış edib. Məqalədə deyir ki, onlar rus tanklarını idarə edirlər. Azad Suriya Ordusunun əsgərləri bildirir ki, rusları Salma ətrafından gedən döyüşlərdə görüblər.
Onları tanımaq çətin deyil. Ağ sifətlidirlər. Fərqli forma geyinir, Suriya ordusunun əlində olan T-55 və T-72 tanklarından fərqli olaraq T-90 tanklarını idarə edirlər.
“Le Monde”un əlinə rus hərbçilərinin danışığı eşidilən audioyazı keçib. Ehtimal olunur ki, səs yazısında rus artilleriya mütəxəssislərinin səsidir.
“İlk dəfədir ki, Rusiya öz hərbi təlimçilərinin Suriyada döyüş meydanında olduğunu təsdiq edib. Sovet təcrübəsi göstərir ki, bizim hərbi təlimçilər təkcə məsləhətlərlə keçinmirlər, eyni zamanda tankların komandanlığını da öz üzərlərinə götürə bilirlər” – Rusiya hərbi eksperti Aleksandr Qolts belə deyib.
Xatırladaq ki, Rusiya daha əvvəl bir rus hərbi məsləhətçisinin ölümünü rəsmi şəkildə təsdiqləmişdi. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general İqor Konaşenkov bəyan etmişdi ki, Homs əyalətində yerləşən hərbi tədris mərkəzinin minaatan atəşinə tutulması nəticəsində bir rus hərbi məsləhətçisi və 4 suriyaı kursant ölüb.
Bundan əlavə Çeçenistanın dövlət başçısı Ramzan Kadırov “Rossiya 1” kanalının efirində bəyan etmişdi ki, Suriyada çeçen xüsusi təyinatlıları döyüşür. O, bildirib ki, Çeçenistanda xüsusi təlim keçmiş döyüşçülər Suriya müxalifətinin arxa cəbhəsində fəaliyyət göstərir.
“Ora respublikanın ən seçilmiş döyüşçüləri göndərilib. Onlar obyektlər, müxaliflərin sayı haqda informasiya toplayır, bombardmanların hədəflərini müəyyən edib, nəticələri qeydə alırlar. Öz canları hesabına Rusiya aviasiyasının uğurunu təmin edirlər” – Kadırov belə deyib.