Merkellə Davudoğlu razılaşdı: - NATO Suriyaya girir
8-02-2016, 20:41
Almaniyanın federal kansleri Angela Merkelin Türkiyəyə rəsmi səfəri başlayıb.
AzVision.az xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Ankarada A. Merkeli qəbul edib. Görüşdən sonra mətbuat konfransı keçirilib.
Suriyada yaranmış vəziyyətdən ciddi narahat olduqlarını deyən Ə. Davudoğlu bildirib ki, heç kim Türkiyənin təkbaşına mühacirlər məsələsini öz üzərinə götürməsini gözləməməlidir:
“Sərhədimizdə 30 minə yaxın suriyalı gözləyir. Kimsə “Türkiyə onsuz da suriyalı qaçqınları qəbul edir” deyə düşünərək açıq bir etnik qırğın olan Rusiya bombardmanlarını normal qarşılaya bilməz. Hörmətli Merkel də məsələnin sadəcə Türkiyənin problemi olmadığını dəfələrlə söylədi”.
Almaniyanın federal kansleri isə bildirib ki, Rusiyanın mülki əhaliyə hücumları yol verilməzdir: “Minlərlə insan rus bombardmanlarından qaçmaq məcburiyyətində qalıb. Rusiya mülki insanlara qarşı hər cür hücumu dayandıracağını açıqlamışdı. NATO toplantısında da bunu müzakirəyə çıxaracağıq. Mühacirlərin geri qayıtması üçün işlər görüləcək.
Mümkün qədər kvota ayıraraq bəzi suriyalıların Avropaya gəlməsini təmin edəcəyik. Lakin bu, Türkiyədəki bütün qaçqınları qəbul edəcəyimiz mənasını vermir. Suriyalılar üçün vətənlərinə, evlərinə yaxın olmaq da vacibdir”.
Merkel Avropa İttifaqının qaçqınlar problemini həll etmək üçün Türkiyəyə ayırdığı 3 milyard avroluq yardımın ödənilməsinin sürətləndirilməsini istədiklərini vurğulayıb.
Ə. Davudoğlu da bu həftə NATO müdafiə nazirlərinin toplantısında NATO-nun qaçqınlar məsələsinə müdaxilə etməsi üçün Almaniya ilə birlikdə məsələ qaldıracaqlarını söyləyib.