Rusiya geri çəkilir: “İlk addımı Türkiyə atsın”
9-02-2016, 10:11
“Türkiyəylə Rusiya arasında münasibətlərin normallaşması üçün ilk addımı qarşı tərəf atmalıdır”.
Strateq.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə telefon danışığında bildirib.
Məlumatı mətbuata verən Nursultan Nazarbayev Putinlə Avrasiya Birliyi və Şanxay Əməkdalıq Təşkilatı barədə də müzakirələr apardıqlarını etiraf edib.
Xatırladaq ki, bu zamana qədər rəsmi Ankara Moskvaya dəfələrlə görüşmək üçün müraciət etmişdi. Bütün bu “ilk addımları” bir qayda olaraq cavabsız qoyan Putin münasibətləri bərpa etmək üçün Türkiyənin üzr istəməsi tələbini irəli sürürdü. İndisə mücərrəd “ilk addım” anlayışının ortaya atılması Rusiya siyasi iradəsinin bir addım dala çəkilməsi mənasına gəlir.
Bəs, görəsən, bu geri addımın səbəbi nədir?
Zənnimizcə, bunun 2 əsas səbəbi var:
1. Beynəlxalq sanksiyalara məruz qalan şimal qonşumuzun iqtisadi vəziyyəti;
2. Regionda hərbi situasiyanın tamamilə Rusiyanın əleyhinə çevrilməsi.
Ekspertlərin fikrincə, iki dövlət arasındakı münasibətlərin korlanmasından ən çox Rusiya zərər görür. Bu dövlətlər arasında ticarət dövriyyəsi ildə 32 milyard dollardır və bunun hardasa 75%-i rus ixracatının payına düşür. Rusiyaya ildə 5-6 milyard dollarlıq mal satan Türkiyə hər il ondan 25 milyard dollar həcmində enerji daşıyıcıları alırdı. Türkiyə bu xüsusiyyətilə Rusiyanın Almaniyadan sonra ikinci böyük bazarı hesab olunurdu.
Təyyarə böhranından sonra münasibətlərin pozulması nəticəsində Türkiyə Rusiyaya satdığı mallarını Avropa ölkələrinə də ixrac edə bilər. Avropa ölkələrinin ağır sanksiyalarıyla üzləşən Rusiyanın isə belə bir şansı yoxdur.
Üstəlik, getdikcə ucuzlaşan neft qiymətləri Rusiya iqtisadiyyatını onsuz da pis vəziyyətə salıb. Ölkənin rəsmi statistika qurumu “Rossat”ın etiraflarına görə, 2014-cü ilin ilk yarısına qədər Ümum Milli Məhsulu 439 milyard dollar olan Rusiyada bir ildən sonra bu rəqəm 262 milyard dollara düşmüşdü. İndi həmin rəqəmin də xeyli “əridiyi” güman olunur.
Rusiyanın ən məlumatlı iqtisadçısı, sabiq dövlət müşaviri Andrey Klepaçın fikrincə, neftin dünya bazarında qiymətləri 50 dollar civarında seyr edəcəyi təqdirdə, Ümum Milli Məhsulun tənəzzülü davam edə, 40 dollar civarında olarsa isə iqtisadiyyat tamamilə çökə bilər. Hazırda isə qiymətlər 30 dollar civarındadır. Deməli, Klepaçın proqnozlarına inansaq, Rusiya iqtisadiyyatının iflic durumuna düşməsinə çox qalmayıb. Sözsüz ki, belə bir zamanda özünün ən böyük ikinci bazarını əldə qoruyub saxlamaq Moskva üçün həyati əhəmiyyət kəsb edir. Qəzəbli Putinin birdən-birə ifadə tonunu dəyişməsi bu mənada anlaşılmaz deyil.
Başı iqtisadi və maliyyə böhranı ilə ağrıyan Rusiyanın heç hərbi sahədə də “bəxti gətirmir”. Bir müddət əvvəl dünya hegemonluğundakı imzasını təsdiqləmək üçün hərbi müdaxilə etdiyi Suriyada bütün texniki üstünlüklərinə baxmayaraq, hələ də rejim əleyhdarı “mülayim müxalif”ləri məhv edə bilməyib. Müxaliflər başlarına nə qədər bomba yağsa da, qarşı tərəf müqavimət göstərir, döyüşür, mövqelərini asanlıqla əldən vermək istəmirlər.
Bu da azmış kimi, Səudiyyə Ərəbistanı və Türkiyənin rəhbərliyi altında 150 minlik nizami hərbi qüvvələrin Suriyaya müdaxilə etməyə hazırlaşdıqları barədə xəbərlər yayılır. Moskvanın bu durumdan narahatlığı “hadisələri diqqətlə izləyirik” şəklindəki şərhindən də hiss olunur.
Səudiyyə krallığının təlim keçdiyi ordu birləşmələrinin İŞİD-lə vuruşmaq üçün hazırlaşdığı xəbər verilsə də, Suriyada rus hərbçiləri ilə qarşılaşması da istisna deyil.
Digər tərəfdən Rusiyaya Ukraynadan da ikinci cəbhə açılacağı ehtimalı var. II Dünya müharibəsindəki faşist Almaniyası kimi, bütün beynəlxalq aləmin qəzəbini öz üzərinə çəkən Rusiyanın qlobal bir savaşa girməsi tamamilə tükənməsinə səbəb ola bilər.
Görünür, Rusiya siyasi iradəsi indi düşmən qazanmaq yox, düşməni dosta çevirmək zamanının gəldiyini anlayır. Fəqət açıq şəkildə geri addım atmağı da qüruruna sığışdırmadığından əvvəlki şərtini üzrdən “ilk addım”a dəyişdirir. Ona hava-su kimi lazım olan bu addımı isə Ankaradan gözləyir, iki dövlət arasında ən yaxın simsar kimi Qazaxıstan prezidentini qabağa verir.