“Allahın ordusu”nda T-90 tankları, “Toçka” raketləri, daha nələr...
9-02-2016, 17:58
Livanın cənubunda mənzillənmiş, Suriyada Əsəd rejiminin tərəfində döyüşən “Hizbullah” radikal təşkilatının Rusiya istehsalı olan dağıdıcı silahlar və müasir zirehli texnika əldə etdiyini göstərən dəlillər var.
Virtualaz.org İsrail mediasına istinadən xəbər verir ki, bu haqda Twitter sosial şəbəkəsində istifadəçilər tərəfindən yerləşdirilən və həqiqliyi şübhə doğurmayan çoxsaylı fotolar var.
İsrail hərbi kəşfiyyatı AMAN-ın analitik şöbəsinin keçmiş rəhbəri, Milli təhlükəsizlik şurasının keçmiş sədri, istefada olan general Yakov Amidror bu günlərdə Təl-Əvivdə keçirilən konfrans zamanı Rusiyanın ən yeni silahlarının “Hizbullah”ın əlinə keçdiyini bəyan edib. Onun sözlərinə görə, “Hizbullah” Suriyadakı müharibə fonunda müasir silahlar əldə edə bilib. Generalın dediklərini onun çıxışından bir neçə gün sonra internetdə yayılmış fotolar da təsdiqləyib.
Fotolardan birində “Hizbullah” yaraqlısının idarə etdiyi T-90 tankı görünür. Tankın üzərində “Hizbullah” bayrağı qaldırılıb. Daha bir fotoda isə “Hizbullah” yaraqlıları “Toçka” raketləri ilə görünür. Növbəti fotoda “Hizbullah”çılar bu raketlə Suriyaya zərbə endirir. “Toçka” raketləri yarım tona qədər döyüş başlığı daşıyır və 75-180 kilometr məsafəyə uçur.
İsrailin əsasən bu raketdən çəkindiyi bildirilir. Çünki tankları aşkar etmək və sıradan çıxarmaq İsrail üçün asandır. “Hizbullah”ın iki yüksək vəzifəlisi təsdiq edir ki, onlar Əsədə kömək üçün Rusiyadan dolayısı yolla silah alırlar. Yəni ehtimal olunur ki, “Hizbullah”a Rusiya silahları və texnikası Əsəd ordusu üzərindən verilir.
“Hizbullah”ın təmsilçiləri Amerikanın “Daily Beast” nəşrinə bildiriblər ki, Rusiya tərəfi onlara “yer-yer” raketləri, lazerlə hədəfə yönləndirilən raketlər və müasir tank əleyhinə raketlər verir.
İsrail aviasiyası “Hizbullah”a Suriyadan silah daxil olmasının qarşısını almaq üçün bir neçə dəfə reydlər keçirib. Ancaq buna baxmayaraq “Hizbullah”ın xeyli rus silahı aldığı artıq şübhə doğurmur. Və təşkilatın bu silahları İsraillə növbəti müharibə zamanı istifadə edəcəyinə şübhə yoxdur.
Rusiya isə “Hizbullah”a silah verildiyini təkzib edir. İsrailin Moskvadakı səfiri Tsevi Hefets deyib ki, Rusiya İsraili “Hizbullah”a silah vermədiklərini və bundan sonra da verməyəcəklərinə əmin edib. Ancaq İsraildə hesab edirlər ki, internetdə yayılan fotolar bunun əksini göstərir. Məlumatlara görə İsrail ordusu “Hizbullah”ın Livan və Suriya ərazisindən mümkün hücumunun qarşısını almaq üçün manevrlər keçirib.