Rusiyanın mobil operatorunun Xankəndidə nə işi var? HİDDƏT

11-03-2021, 13:13           
Rusiyanın mobil operatorunun Xankəndidə nə işi var? HİDDƏT
Bu kimi təxribatlar Azərbaycanın səbr kasasını yenidən doldura bilər!

Qarabağda - Rusiya sülhməramlılarının nəzarəti altındakı bölgələrdə separatçı rejim ünsürlərinin müxtəlif yöndə həyata keçirilən təxribatçı əməllərinin davam etməsi, əslində, bir daha sübut edir ki, bu məsələ köklü şəkildə həllini tapmayana qədər həmin hallar davam edəcək. Quldur rejim rəhbərliyinin üçtərəfli Bəyanatın imzalanması faktından sonra quldur rejim rəhbərliyinin gah “artsaxın müdafiə ordusuna” çağırışçılar cəlb edərək onlara hərbi and içdirməsi, gah Araik Arutunyanın “dqr”in “regionlarına” səfərlər edərək yerli ermənilərə bu və ya digər vədlər verməsi, ümumiyyətlə, Rusiya SM-nın arxasından “dqr” adı altında mənfur oyunlarını davam etdirməsi söz yox ki, ərazi bütövlüyünü bərpa etmiş və müəyyən humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirən Azərbaycanın səbr kasasını doldurmağa başlayıb.

Adıçəkilən mobil operator Ermənistanda da fəaliyyət göstərir və artıq ipinin bir ucunu Xankəndiyə də atmağa başlayıb

Lakin bu arada o da məlum olub ki, qondarma “dqr”in təxribatçı əməllərinə istər açıq, istərsə də gizli şəkildə dəstək göstərən bir sıra şirkətlər də var ki, onlardan biri də nə qədər təəccüblü görünməsə belə, Rusiyanın aparıcı mobil operatoru kimi fəaliyyət göstərən MTC şirkətidir. SİA-nın əldə etdiyi məlumata görə, adıçəkilən mobil operator Ermənistanda da fəaliyyət göstərir və artıq ipinin bir ucunu Xankəndiyə də atmağa başlayıb. Bu barədə qondarma qurumun t.me/vestnikNKR və t.me/reartsakh teleqram kanalları yazırlar.

MTC Ermənistanda olan tarifləri Xankəndidə də tətbiq edir

“MTC “artsaxın” (dırnaqlar bizimdir-R.R.) ərazisində mobil rabitə qurmağa başlayıb” sərlövhəli informasiyada bildirilir ki, artıq orada ikinci mobil operator fəaliyyət göstərir. “Ötən ilin dekabr ayından başlayaraq Rusiyanın MTC mobil operatorunun Ermənistandakı qız şirkəti – MTC Armeniya “respublikada” mobil rabitəni təmin edir. Şirkət Ermənistanda olan tarifləri burada da tətbiq edir”, deyə yazılan məlumatda bildirilir ki, satış “stepanakertdəki” və digər şəhərlərdəki nöqtələrdən həyata keçirilir.

Beləliklə məlum olur ki, istər Ermənistan, istərsə də Qarabağdakı separatçılar tərəfindən törədilən bu kimi təxribatlarda Rusiyanın adıçəkilən mobil operatoru da yer alır. Və maraqlısı da budur ki, məlumatda operatorun xidmətindən “artsax vətəndaşlarının”, eləcə də Rusiya SM-nın istifadə etdikləri bildirilir. Yəni ermənilər bu dəfə də Rusiya SM kontingentini ortaya atmaqla onların arxasından öz əməllərini icra edirlər. Habelə, MTC-in əhatə dairəsi yalnız 2G və 3G deyil, həmçinin 4G imkanlarına malikdir.

Razılaşmanı yalnız Ermənistan və Qarabağ separatçıları pozmur, bu yöndəki fəaliyyətə Rusiyanın şirkətləri də qoşulmağa başlayıblar

Bundan ürəklənən separatçılar bildirirlər ki, MTC-in 4G şəbəkəsi virtual sərhədləri açacaq və “respublikanın” yaşayış səviyyəsini yüksəldəcək, gənclərə distansiyalı təhsil almaq və iş şansını verəcək, nəticədə onlar öz yurdlarını tərk etməyəcəklər.

Qeyd edək ki, 44 günlük müharibəyə qədər separatçı rejimin tərkibində Karabax Telekom şirkəti fəaliyyət göstərirdi.

Göründüyü kimi, artıq bu faktın özü sübut edir ki, əldə edilmiş razılaşmanı yalnız Ermənistan və Qarabağ separatçıları pozmur, bu yöndəki fəaliyyətə Rusiyanın şirkətləri də qoşulmağa başlayıblar. Hər halda, böyük problemlərin təməli yaradılan kiçik problemlərdən başlayır və bu cür davam edərsə, sərt, qəti, eləcə də birmənalı tədbirlərin görülməsi zərurəti daha da artmağa başlayıb. Düşünməyə dəyər...

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, Azərbaycanın bu kimi hallara qarşı istifadə edəcəyi vasitələrindən biri də qanunsuz mobil operatorların əhatə dalğalarını pozması imkanına malik olmasıdır. Təbii ki, Rusiyadan da sözügedən məsələ ilə bağlı izahatın verilməsi artıq şərtə çevrilib.

Digər tərəfdən, əgər məqsəd Rusiya SM-nın mobil rabitədən yararlanmasıdırsa, bu zaman Azərbaycanın mobil operatorları dövlət maraqlarının qorunması üçün güzəştli vasitələri tətbiq edərək, bu imkanı onlara yarada bilər...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.