Paşinyan Ter-Petrosyanla necə anlaşdı?! - TƏHLİL

25-05-2021, 16:20           
 Paşinyan Ter-Petrosyanla necə anlaşdı?! - TƏHLİL
Ermənistanda erkən parlament seçkilərinə qalan zaman daraldıqca iddialılar arasında mübarizə daha da gərginləşir və amansızlaşır. Növbədənkənar seçkilər elan olunana qədər Paşinyanı müharibədə ağır məğlubiyyətdə ittiham edən müxalifət, xüsusilə də cinayətkar “Qarabağ klanı” bu ittihamlarla planlaşdırdığı dəstəyi ala bilmədi. Bu dəstəksizliyi Ermənistan cəmiyyəti onların mitinq çağırışlarına tam etinasızlıq göstərməklə bəyan etdi. Belə bir məqamda, Paşinyanın seçkilərdən qorxduğunu iddia edən müxalifətə cavab olaraq erkən seçkilər elan etməklə Paşinyan çox önəmli gediş etdi. Bu gedişi ilə o, müxalifətin bəhanəsini kəsməklə yanaşı həm də, ölkədəki yığıncaqlara və mitinqlərə fasilə verilməsinə nail oldu.

Paşinyanın bu addımı, ölkə müxalifəti tərəfindən də cavabsız qalmadı. Köçəryan və Sarqsyan başda olmaqla cinayətkar klanın üzvləri ölkədəki yeganə dəstəkləri olan hərbi isteblişmentdən və ölkə xaricində isə rəsmi Moskvanın dəstəyindən istifadə etməyə cəhd göstərdilər. Hakimiyyətini qorumaq uğrunda ölüm-dirim savaşının qurbanı olmaqdan başqa həm də, linç edilməkdən qorxan Paşinyan daha təhlükəli gedişlərə əl atdı. O, məğlub ölkəsinin elə həmin “Qarabağ klanı”nın güvəndiyi generalitetini zərərsizləşdirməyə və Moskvanı şantaj etməyə çalışdı. Uzun sürən cəhdlərdən və mübarizədən sonra hərbi elitanı vəzifədən kənarlaşdırmağa nail olsa da, şantaj cəhdində tam uğur əldə edə bilmədi. “İskəndər” raketlərinin yararsızlığı ilə gözdən salmağa çalışdığı şimal qonşumuzun buna çox sərt reaksiyası Paşinyanı dolayı yolla bu iddianı geri götürməyə məcbur etdi.

44 günlük müharibədən əvvəlki kimi olmasa da, Paşinyanın ölkə daxilindəki siyasi imici və mövqeyi ona müxalif olan qüvvələrinkindən çox güclü idi. Təbii ki, ikinci Qarabağ müharibəsində gedən proseslər, həm siyasi, həm diplomatik və həm də müharibə meydanındakı məğlubiyyət Paşinyanın mövqeyini hərtərəfli sarsıtdı. Ancaq yenə də, hazırda baş nazir vəzifələrini icra edən Paşinyanın mövqeyi “siyasi meyit” statusu alan Köçəryan kimilərdən daha öndə görünür. Postmüharibə dövrünə ağır məğlubiyyətlə daxil olan Ermənistan cəmiyyəti, postpandemiya mərhələsinə daha dəhşətli vəziyyətdə qədəm qoymaqdadır. Ona görə də bütün cəhdlərə baxmayaraq rəsmi İrəvan ölkədə seçki mühiti formalaşdıra və insanları bu prosesə cəlb edə bilmir. Ermənistan xalqını seçkilər deyil, ölkədəki acınacaqlı ictimai, siyasi və iqtisadi vəziyyət maraqlandırır. Bu şəraitdə belə, hakimiyyətə gəlməyi düşünən qüvvələr hətta bu gərginlikdən belə öz siyasi maraqları naminə istifadə etməyə cəhd edirlər.

Müxalif qüvvələrin çoxsaylı seçki blokları yaratmaq taktikasına Paşinyan da analoji addımla cavab verdi. Seçki öncəsi Qərblə Moskva arasında “siyasi flüger”ə çevrilən Nikolun sonuncu gedişi hələ ki, uğurlu görünməkdədir. Belə ki, ölkə əhalisi arasında müəyyən rəğbətə sahib olan, eyni zamanda da, keçmiş Qarabağ münaqişəsi ilə bağlı nisbətən konstruktiv mövqeyi olan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanı proseslərə cəlb etməyə nail oldu. Hazırki parlament seçkilərinə qədər uzun illər ərzində heç bir ciddi siyasi ambisiya nümayiş etdirməyən Ter-Petrosyanın özünün də belə bir qərar verməsi versiyası mümkündür ki, müəyyən məqamlarda bu Paşinyanın da maraqlarına uyğun gəlir. Hər bir halda bu həm ölkə daxilində, həm də dünyadakı ermənilərin diqqətini cəlb etməkdədir. Pandemiyadan və onlar üçün fəlakətli olan müharibədən sarsılmış və taqətdən düşmüş insanlar Ter-Petrosyanın seçki ilə bağlı hansı mövqe sərgiləyəcəyini gözləməkdə idilər. Nəhayət ki, mövqe bəyan olundu və bir neçə cümləlik fikirlərin hər sözündə çox ciddi məqamlar əks olunub. Ter-Petrosyanın səsləndirdiyi fikirlərə əsasən Qarabağdakı 44 günlük müharibədəki məğlubiyyətdə yalnız Paşinyanı günahlandırmaq yanlışdır. O, özünün xələflərini, Paşinyanın isə sələflərini də bu məğlubiyyətdə iştirak etməkdə təqsirləndirib. Petrosyan bu ittihamları ilə, xüsusilə bir neçə ay əvvəl Paşinyanı devirmək məqsədilə yaranan “Vətənin xilası hərəkatı”nı yaradan siyasi qüvvələrin üzərində fokuslanıb. O qeyd edib ki, müxalifət Paşinyanı zəiflətməklə Bakının xeyrinə oynayır.

Ən maraqlı və açar fikirlər isə bundan sonra gəlir. Belə ki, 76 yaşlı eks-prezident Köçəryanı və Sarqsyanı sərt şəkildə ittiham edərək qeyd edir: “1997-ci ildən bəri Ermənistandakı bütün siyasi qüvvələr Qarabağ probleminin layiqli və əlverişli həll olunması üçün bütün cəhd və təşəbbüsləri məhv ediblər. Bu qüvvələr Qarabağdakı status-kvonu qorumaq və hər hansı bir kompromisi rədd etmək siyasətini tətbiq ediblər. Nəticədə ölkəni bugünkü fəlakətə sürükləyiblər.” Səsləndirdiyi bu fikirlər əslində qoca siyasətçinin seçkilərdə qalib gəlmək ehtimalının daha üstün olduğu Paşinyanla anlaşdığından və ya bu istəyindən xəbər verir. Bütün fikirləri ilə özündən sonra iyirmi illik hakimiyyətləri dövründəki fəaliyyətləri və xüsusilə də, Azərbaycana və Türkiyəyə qarşı sərgilədikləri rəsmi münasibətləri ilə Ermənistanı və erməniləri bədbəxtçiliyə düçar edən Köçəryan, Sarqsyan və onların ətrafını açıq şəkildə ittiham edir. Bununla o, əslində bir tərəfdən də Nikol Paşinyana dəstək nümayiş etdirməklə yanaşı, həm də özünü sığortalamağa can atır. Çünki, seçkilərə daha böyük şansla gedən Paşinyanın seçkidən sonra çoxsaylı cinayət işləri açdırmaqla əslində özünün rəqiblərinə qarşı əsl “siyasi vendetta” təşkil edəcəyini bilir. Bunu hiss etdiyindən və bəlkə də, bu prosesə cəlb olunmayacağı barədə Paşinyanın vədini aldıqdan sonra üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdədir. Hər bir halda, bu fikirlər müəyyən qədər də olsa otuz ilə yaxın müddətdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü siyasətin çalarlarından xəbər verir.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.