Limit bitib: ABŞ-ın Maliyyə Nazirliyi defolt təhlükəsi olduğunu bəyan edib

28-07-2021, 07:00           
Limit bitib: ABŞ-ın Maliyyə Nazirliyi defolt təhlükəsi olduğunu bəyan edib
Proqnozlara görə, ABŞ-ın dövlət borcu iqtisadiyyatın həcmini yalnız on il sonra ötüb keçməli idi. Lakin pandemiya üzündən bu, daha tez baş verdi.

Pandemiya dövründə ABŞ-ın dövlət borcu o qədər şişib ki, iqtisadiyyatın həcmini ötüb və daha artmağa yeri də yoxdur: hökumətdə artıq defolt riskindən söz açırlar. Fəlakətin qarşısını almaq üçün konqres dərhal vəziyyətə reaksiya verməlidir. Borcların yuxarı həddini artırmaq lazımdır, əks təqdirdə artıq payızda dövlətin öz üzərinə götürdüyü maliyyə öhdəliklərinin yerinə yetirilməsində problemlər meydana çıxacaq. Bəs əgər kreditorlarda ABŞ-ın borcları qaytarmağa qadir olmasına şübhə yaransa, necə olacaq? Bu barədə RİA Novosti-nin materialında.

Külli miqdarda borc

Amerikalılar 2008-ci il böhranından sonra fəal surətdə xarici borclarını artırmaqdadırlar. Obama hakimiyyəti dövründə xarici borcun həcmi 9 trilyon dollar, Trampın dövründə isə daha 7 trilyon dollar artıb. 2018-ci ildə ölkənin xarici borcu ümumi daxili məhsulun 78%-i həcmində olub – Dünya bankı vəziyyətin təhlükəli olduğunu bildirib.

Proqnozlara görə, ABŞ-ın dövlət borcu iqtisadiyyatın həcmini yalnız on il sonra ötüb keçməli idi. Lakin pandemiya və milli təsərrüfata dəstək məqsədilə çəkilmiş xərclər üzündən bu, daha tez baş verdi. Müstəqil hesablamalara görə, 2020-ci ildə hakimiyyət iqtisadiyyata demək olar ki 9 trilyon dollar vəsait yatırıb. Nəticədə, hazırda ölkənin dövlət borcu ümumi daxili məhsuldan çoxdur.

Martın sonunda bu rəqəm 28 trilyon dollar və ya ÜDM-nin 101%-i həcmində olub. Bu cür artım yalnız bircə dəfə, İkinci Dünya müharibəsindən dərhal sonra, 1946-cı ildə müşahidə olunub — 106 faiz. Hazırda isə dövlət borcu artmaqda davam edir və artıq 28,5 trilyon dollar təşkil edir. Bundan çox borc götürmək artıq qanuna da ziddir.

Son hədd

Birləşmiş Ştatların dövlət borcunun son həddə çatması halı ilk dəfə deyil. 2008-ci il böhranından sonra bu göstərici daim artır.

2019-cu ildə Tramp 2021-ci ilin iyulun 31-nə qədər dövlət borcunu məhdudiyyətsiz şəkildə artırmağa imkan verən qanunu imzalayıb. "İks" günündən sonra isə "dondurulma" başlanır. Bu o deməkdir ki, Maliyyə Nazirliyi daha istiqraz satışı hesabına əlavə vəsait cəlb edə bilməyəcək.

Lakin Vaşinqton bunsuz keçinə bilməz. İqtisadiyyata dəstək verilməsi üçün dövlət hədsiz dərəcədə "pandemiya" xərclərinə yol verib və bu da büdcədə rekord ölçülü bir dəlik əmələ gətirib.

Büdcə kəsiri əsasən dövlət istiqrazlarının satışı hesabına bağlanır. 2020-ci maliyyə ilində (sentyabrın 30-da başa çatıb) büdcə kəsiri üç dəfədən də çox — 3,1 trilyon dollara qədər artıb. Koronavirusla mübarizəyə çəkilmiş bütün məsrəflər nəzərə alındıqda isə, bu rəqəm 4 trilyona çata bilər.

Təcili tədbirlər

Beləliklə, Vaşinqtonun yaranmış vəziyyətdə iki çıxış yolu var: ya dövlət borcunun son həddini iyulun 31-nə qədər artırmaq, yaxud da borcların limitinin qüvvədə olma müddətini dayandırmaq. Əks halda, ABŞ-ın maliyyə naziri Canet Yellenin Konqresə ünvanlandığı məktubda deyildiyi kimi, ölkəni defolt gözləyir, iqtisadiyyata isə "aradan qaldırıla bilməyən ziyan" dəyəcək.

Maliyyə Nazirliyi "əlavə fövqəladə tədbirlər" görməli olacaq. Lakin, Yellen qeyd edib ki, xəzinədarlığın dövlətin fövqəladə maliyyələşməsindən istifadə etmək imkanları xeyli məhduddur.

"Burada bir çox amillər üzündən əhəmiyyətli dərəcədə qeyri-müəyyənlik, həmçinin hökumətin qarşıdakı bir neçə ay üçün ödənişləri və daxilolmaları proqnozlaşdırmasında da problemlər var", — deyə nazir bildirib.

Amma əgər yeni maliyyə ilinə, oktyabrın 1-nə qədər dövlət borcunun son həddi artırılmasa, borcları qaytarmaq ümumiyyətlə mümkün olmayacaq. Beləliklə, konkret olaraq, elə həmin gün ABŞ xəzinədarlığı məsrəfləri 150 milyard dollar ixtisara salmalı olacaq.

Faktiki olaraq maliyyə naziri hazırda dövlət borcunun rekord şəkildə artmasına çalışır. Lakin Konqresdə bununla bağlı fikir yekdilliyi yoxdur. Demokratların fikrincə, dövlət borcunun yuxarı həddini artırmaq lazımdır. Respublikaçılar isə prezident Bayden və hökumətdən xərcləri azaltmağı və külli miqdarda borcun azaldılması üçün tədbirlər görməyi tələb edirlər.

Heç nə yaxşı deyil

Çox güman ki, xarici borcun yuxarı həddi bir qədər də artırılacaq. ABŞ-da defolt ehtimalını isə iqtisadçılar "dünyanın sonu" kimi nəzərdən keçirirlər.

"Amerikalılar heç vaxt buna yol verməyiblər. Bu, təhlükəli presedent olardı", — deyə JPMorgan-ın ABŞ üzrə baş iqtisadçısı Maykl Feroli bildirib.

Yeri gəlmişkən, defoltun olması ehtimalının özü də bazarlarda qorxu və təşviş yarada bilər. Belə ki, əgər heç bir tədbir görülməsə, ABŞ xəzinədarlığı dövlət borcunun ödənilməsi üçün nə dövlət, nə də yerli hakimiyyət orqanlarının qiymətli kağızlarını heç iyulun 30-da da sata bilməyəcək.

2011-ci ildə nümayəndələr palatasının dövlət borcunun son həddini artırmaqdan imtina etməsi səbəbindən “Standard & Poor's” beynəlxalq reytinq agentliyi ilk dəfə ABŞ-ın suveren kredit reytinqini aşağı saldı. Bunun ardınca az qala fond bazarı çökəcəkdi: S&P 500 indeksi beş gün ərzində o vaxta qədər azaldı ki, qanunvericilər saziş imzaladılar.

CNBC-nin məlumatına görə, bu dəfə dövlətin borcları ödəmək qabiliyyətinə şübhə edən kreditorlar Vaşinqtondan daha yüksək faizlər tələb edə bilərlər. Bu isə öz növbəsində domino effekti yarada bilər: faiz dərəcələri — ipoteka və avtomobil kreditlərindən tutmuş korporativ borca qədər hər sahədə artacaq. Bunun isə sabitlik yaratmayacağı aydındır.

"Maliyyə böhranı dərinləşəcək, iş yerləri və amerikalıların qənaət etdikləri vəsaitlər təhlükədə qalacaq. Və bu o vaxt baş verəcək ki, biz hələ pandemiyadan tam özümüzə gəlməmişik", — deyə Canet Yellen bildirib.

Kreditorlar getdikcə daha tez-tez ABŞ hökumətinin ödəniş qabiliyyətli olmasını şübhə altına alırlar. Bir qədər əvvəl aparıcı Amerika maliyyəçilərindən biri, dünyada ən iri xec-fondlardan biri olan “Bridgewater Associates”-in banisi, milyardçı Rey Dalio bildirib ki, büdcənin, ticarət balansının və cari əməliyyatların hesabını ehtiva edən bu cür üçqat kəsir tezliklə əcnəbi sərmayədarları xəzinədarlıq istiqrazlarından tamamilə çəkindirəcək. Bu da onların gəlirliliyinin birdən-birə artımına və dolların çökməsinə gətirəcək. Bu, maliyyə böhranına aparan birbaşa yoldur və budəfəki böhran nəinki 2008-ci il, hətta 1930-cu illərdəki Böyük depressiyanı da geridə qoya bilər.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.