Bu ölkədə koronavirusdan indiyədək cəmi 2 nəfər ölüb ƏHALİNİN 85 FAİZİNƏ VAKSİN VURULUB
28-07-2021, 09:28

Himalay dağları ətəklərində yerləşən Butan krallığı koronavirusla mübarizədə dünyada ən uğurlu ölkə hesab edilə bilər. Virtualaz.org xəbər verir ki, bu ölkədə indiyədək cəmi 2 nəfər koronavirusdan ölüb, cəmi yoluxanların sayı isə 2500-ə yaxındır.
“Fransa press” agentliyi bildirir ki, Butan hakimiyyəti indiyədək cəmi 530 min nəfərə koronavirusa qarşı vaksinin hər iki dozasının vurulduğunu açıqlayıb. Bir çox xarici ölkələr Butana vaksin yardmı göndərdiyindən ölkə əhalisinin 85 faizə yaxını vaksinasiyadan keçib.

UNİCEF-in Butan təmsilçisi Uill Parks bildirib: “Bu, Butanüçün möhtəşəm uğur hekayəsidir. Daha çox vaksini olan ölkələrin bunları vaksinə sahib olmayan ölkələrə göndərdiyi bir dünyaya ehtiyacımız var. Dünya Butan kimi çox az həkimi, çox az tibb bacısı olan ölkənin liderinin və xalqı hərəkətə keçirən hökumətinin bu uğurundan nümunə götürməlidir”.
Butan mart ayında Hindistandan 550 min dozaya yaxın AstraZeneca vaksini alıb, lakin daha sonra Hindistanda yoluxmaların kəskin artması Butana vaksin təchizatının dayanmasına səbəb olub. Bunun ardınca ABŞ COVAX proqramı çərçivəsində Butana yarım milyon “Moderna” vaksini göndərib. Danimarka isə iyun ayının ortalarında bu ölkəyə 250 min AstraZeneca vaksini verib. Üstəlik Butan hakimiyyəti özü 200 min doza “Pfizer” vaksini sifariş verib.
Əhalisinin sayı 770 min nəfər olan Butana qarşıdakı aylarda daha 400 min doza vaksin göndəriləcəyi bildirilir. Hakimiyyət əhalinin hamısına vaksin vurdurmağı qarşıya məqsəd qoyub.