Angela Merkel: "Rusiya qaz kəmərindən silah kimi istifadə etməməlidir"
23-08-2021, 11:31

ŞƏKLİN MƏNBƏYİ,EPA
Şəklin alt yazısı,Almaniya kansleri Angela Merkel (solda) və Ukrayna Prezidenti Vladimir Zelenski (sağda)
Almaniya kansleri Angela Merkel Ukrayna səfəri zamanı deyib ki, Rusiyanın qaz kəmərindən Ukraynaya qarşı istifadə edəcəyi təqdirdə, bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq oluna bilər.
Angela Merkel Kiyedə olarkən Ukrayna Prezidenti Vladimir Zelenskiyə deyib ki, onun "Şimal axını 2" layihəsi ilə bağlı narahatlığını başa düşür.
Cənab Zelenski Ukraynanın təhlükəsizliyini təhdid etdiyini dediyi boru kəmərinin əleyhinədir.
Sözügedən boru kəməri Baltik dənizinin altında gedərək Almaniyaya Rusiya qaz ixracını ikiqat artıracaq.
Ukrayna Rusiyanın rəhbərlik etdiyi "Şimal axını 2" qaz kəmərinin Moskvanın bölgənin enerji təchizatı üzərində nəzarətini sərtləşdirəcəyindən və təsirini gücləndirəcəyindən narahatdır.
Zelenski Angela Merkellə birgə bazar günü keçirdiyi mətbuat konfransında "Şimal axını 2" qaz layihəsini "Kremlin bütün Avropa üçün təhlükəli ola biləcək geosiyasi silahı" kimi təqdim edib.
Almaniya kansleri Ukrayna Prezidenti ilə razılaşaraq bu layihənin Ukraynaya qarşı istifadə edilməməli olduğunu deyib.
O, qazın "silah kimi istifadə ediləcəyi" təqdirdə, Almaniya ilə ABŞ arasındakı razılaşmaya əsasən, Moskvaya qarşı sanksiyalar tətbiq oluna biləcəyini söyləyib.
Rusiya hazırda Avropa İttifaqının qaza tələbatının təxminən 40%-ni təmin edir.
Yeni boru kəməri ilə Baltik dənizinin altı ilə gedən qazın həcmi ildə 55 milyard kubmetrə çatdırılacaq.