İran danışıqlara başlayır: “Rəisi fikirləşir ki, güzəştə getsə, zəif görünəcək”

15-09-2021, 00:08           
İran danışıqlara başlayır:
İran rəsmiləri tezliklə Avstriyanın paytaxtında nüvə anlaşması ilə bağlı danışıqlara başlayacaqlar.

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə məlumat yayıb. “Hökumət tezliklə Vyanada danışıqlara başlayacaq. Biz mümkün olduğu qədər bu məsələni gecikdirməməyə çalışırıq”, - deyə iranlı diplomat vurğulayıb.

Səid Xətibzadə əlavə edib ki, rəsmi Tehran tərəflərin Vyanada məsələnin həllinə real yanaşacaqlarını gözləyir. Maraqlıdır, İran həqiqətən danışıqlar üçün konkret addımlar atmaq istəyir, yoxsa sadəcə vaxt qazanmağa çalışır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, vaxt uzatmaq İranın maraqlarına cavab vermir:

“Çünki sanksiyalar İran iqtisadiyyatını çox ağır bir vəziyyətə salıb və sosial problemləri artırıb. Əksinə, İran hazırda bu sanksiyalardan qurtulmağı düşünür. Buna baxmayaraq, İranın yeni Prezidenti İbrahim Rəisi də bildirib ki, sanksiyaların ləğv olunması şərtilə razılaşmanın tərafdarıdırlar. Lakin heç bir Qərb ölkəsi və ABŞ hələ ki, sanksiyaların yumşalması ilə bağlı işarə verməyib. Ona görə də danışıqların uzun müddət davam edəcəyini düşünürəm. Əgər İran nüvə çalışmaları ilə bağlı ondan tələb olunan addımları atmasa, razılaşma əldə etmək çox çətin olacaq və ABŞ-ın sanksiyaları davam edəcək”.

Politoloq qeyd edib ki, danışıqlarda real nəticə əldə etmək İran Prezidentinin siyasətindən asılı olacaq:

“Çünki o, mühafizəkar siyasətçidir və ABŞ-ın əsas tənqidçilərindən biridir. Rəisi fikirləşir ki, güzəştə getsə, zəif fiqur kimi görünəcək. Yaxın müddətdə anlaşma əldə olunacağına inanmıram, lakin danışıqlarla bağlı müəyyən irəliləyişlər ola bilər. Həmçinin, müqavilənin imzalanması üçün ABŞ-ın siyasətinin də dəyişməsi vacibdir. Düzdür, Bayden Barak Obamanın dövründə vitse-prezident olaraq Həsən Ruhani ilə qiyabi imzalanmış “Altılıq” nüvə anlaşmasında iştirak etmişdi. Ona görə də Bayden növbəti nüvə anlaşmasını imzalamaq istəyir. Lakin Baydenə qarşı da ölkə daxilində ciddi qüvvələr var. Respublikaçılar, bəzi mühafizəkar dairələr və yəhudi lobbisi ABŞ və İran arasında razılaşmanın əlehinədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.