ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNİN “ADDIM SƏSLƏRİ” – ABŞ, İngiltərə və Avstraliya ilk hərbi ittifaqın anonsunu verdi

16-09-2021, 15:39           
ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNİN “ADDIM SƏSLƏRİ” –
"AUKUS"un ilk böyük təşəbbüsü Avstraliyanı nüvə sualtı donanması ilə silahlandırmaq olacaq

ABŞ, İngiltərə və Avstraliya, müdafiə sektoru da daxil olmaqla, təhlükəsizlik məsələlərində əməkdaşlıq etməyi qərara qalıblar.

Qafqaz.media xəbər verir ki, hərbi ittifaq "AUKUS" adını alıb və hədəfləri Hind-Sakit okean bölgəsinə yönələcək. "Bloomberg" xəbər verir ki, bunu Avstraliyanın baş naziri Skott Morrison ABŞ prezidenti Co Bayden və İngiltərənin baş naziri Boris Conson virtual konfrans zamanı birgə elan ediblər.

"Hamımız Hind-Sakit okean bölgəsində uzunmüddətli perspektivdə sülh və sabitliyin təmin edilməsinin zəruriliyini qəbul edirik. Hər birimizin ölkəsinin və dünyanın gələcəyi azad və firavan Hind-Sakit okean bölgəsindən asılıdır", - Bayden deyib.

Müqavilə çərçivəsində ölkələr qabaqcıl texnologiya mübadiləsi edəcək, eyni zamanda kibertəhlükəsizlik və süni intellekt kimi sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Britaniya hökumətinin mətbuat xidməti bəyan edib ki, "AUKUS" elmin, texnologiyanın, sənaye bazalarının və tədarük zəncirlərinin daha dərin inteqrasiyasına töhfə verəcək".

"Politico" nəşri ABŞ rəsmiləri içindəki iki mənbəyə istinadən yazır ki, bu yolla Qərb müttəfiqləri Çinin hərbi və texnoloji sahədə güclənməsinə qarşı durmaq istəyirlər. ABŞ-ın "ABC" TV kanalı da yeni ortaqlığın, xüsusən mübahisəli Cənubi Çin dənizində Pekinin regional təsirinə qarşı çıxmaq məqsədilə qurulduğunu bildirir.

"AUKUS"un ilk böyük təşəbbüsü Avstraliyanı nüvə sualtı donanması ilə silahlandırmaq olacaq.

Növbəti 18 ay ərzində bu vəzifə üzərində üç ölkə çalışacaq. Morrisonun dediyi kimi, sualtı gəmilər Avstraliyada Böyük Britaniya və ABŞ ilə sıx əməkdaşlıq şəraitində inşa ediləcək.

"Bir neçə ölkənin nüvə sualtı gəmiləri var və hər bir ölkə üçün bu böyük potensialı əldə etmək vacib qərardır", - deyə Conson bildirib.

"Politiko" qeyd edir ki, Avstraliyada indi belə sualtı qayıqlar yaratmaq üçün lazım olan materiallar yoxdur. Bu da o deməkdir ki, müttəfiqlər tərəfdaşı olan dövlətin onları necə alacağı ilə bağlı razılığa gəlməli olacaq. Qəzetin yazdığına görə, Vaşinqton və Canberra 2010-cu ildə ABŞ-dan Avstraliyaya verilən nüvə materiallarını zənginləşdirməyəcəyinə və ya emal etməyəcəyinə dair müqavilə imzalayıb. Morrison Avstraliyanın nüvə silahının yayılmaması ilə bağlı bütün öhdəliklərini yerinə yetirəcəyini söyləyib. Yəni Avstraliya nüvə silahı ərsəyə gətirmək və bəzi məntəqələrdə yerləşdirmək niyyətində deyil, ancaq nüvə reaktorlarından istifadə edəcək.

Bütün bunların fonunda Avstraliya Fransanın hərbi gəmiqayırma şirkəti "Naval Group" ilə rekord səviyyədə maliyyəyə imza atan müqaviləni ləğv edib. Avstraliya bu müqaviləni 2016-cı ildə imzalamışdı. Müqavilə 12 sualtı qayığın inşasını nəzərdə tuturdu.

Layihə 90 milyard Avstraliya dollarına (66 milyard ABŞ dolları) başa gəlməli idi və bu müqavilə Avstraliya Donanması tarixində ən bahalı idi.

Müqavilə nəinki sualtı gəmilərin tədarükünü, həm də onların bazalaşdırılması üçün infrastrukturun yaradılmasını, 50 il ərzində ekipajların texniki dəstəyi və təlimini nəzərdə tuturdu.

"Naval Group" Avstraliyanın Böyük Britaniya və ABŞ-ın köməyi ilə nüvə sualtı gəmiləri qurma qərarı ilə bağlı saziş haqda məlumatların yayılmasından sonra "ciddi xəyal qırıqlığına uğradığını" elan edib.

"Hind-Sakit okean bölgəsində hədsiz çətinliklərlə üzləşdiyimiz bir vaxtda ABŞ-ın Fransa kimi Avropa müttəfiqini Avstraliya ilə uzunmüddətli tərəfdaşlıqdan kənarlaşdırılmasına səbəb olan seçimi bunun tutarlı olmadığını göstərir. Bu rəftara təəssüfləndiyini Fransa qeyd etməyə bilməz", - deyə Fransa XİN başçısı Jean-Yves Le Drian və Müdafiə Naziri Florence Parleyin-in birgə bəyanatında deyilir.

Qafqaz.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.