Aclığa, səfalətə və təhqirlərə dözməyən erməni hərbçiləri bir-birini qırır

16-03-2016, 00:24           

Mart ayı ərzində daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması və özünəqəsd nəticəsində təkcə rəsmi açıqlamalara əsasən, Ermənistan ordusunda 5 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Planetaarmenia.ru saytı xəbər verir ki, Ermənistan hakimiyyəti bütün üsullardan istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hətta bunu hüquqi cəhətdən rəsmiləşdirməyə və zor gücünə öz xeyrinə məhkəmə qərarlarının çıxarılmasına da nail olur.

“Lakin bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, ordumuzda vəziyyət bizim təsəvvür etdiyimizdən də qat-qat acınacaqlı, ağır və ciddidir. Ordudakı ədalətsizliyin, aclığın, səfalətin və digər neqativ halların qurbanları fiziki və psixoloji cəhətdən zəif, düşdüyü mühitə uyğunlaşa bilməyən gənc əsgərlərdir. Bu vəziyyətdən yeganə çıxış yolunu isə onlar intiharda, özlərinə müxtəlif bədən xəsarətləri yetirməklə xidmətdən boyun qaçırmaqda görürlər”, - deyə sayt yazır.

Sayt Ermənistan ordusundakı acınacaqlı vəziyyətə bəzi misallar göstərir. Məsələn, Ermənistandan hərbi xidmətə çağırılan zabit, Levon adlı taqım komandiri içki məclisində Qarabağda xidmətin dözülməzliyi mövzusunda mübahisə zamanı yerli erməniləri və yezidi kürd hərbçini təhqir etdiyi üçün kütləvi dava düşüb. Nəticədə ciddi xəsarətlər alan bir neçə nəfər Xankəndi hərbi hospitalına çatdırılıb. Levona isə həkimlər burun və bir neçə qabırğa sınığı diaqnozu qoyublar. Kütləvi davanın digər iştirakçıları isə Yerevandan gələn təhqiqat qrupunun üzvlərinə cavab verməli olacaqlar. Çünki artıq Ermənistanda yerli-qarabağlı prokurorlara etibar etmirlər.

Daha bir fakt. Marelyan soyadlı hərbçi tərəfindən amansızcasına döyülən Arman Rambelyan ağır vəziyyətdə hərbi hissənin tibb məntəqəsinə çatdırılıb.

Dağlıq Qarabağdan olan erməni komandiri Xron Qulyan tərəfindən şəxsi heyət qarşısında döyülən ermənistanlı Yerem adlı hərbi qulluqçunun da səhhətində ciddi problemlər aşkarlanıb.

Albert Saakyan adlı əsgər isə Qarabağ erməniləri tərəfindən təhqirlər ucbatından altı yerdən damarlarını kəsərək intihara cəhd göstərib. Digər iki hərbçi - kəşfiyyatçı Arkadi Matevosyan və əsgər Levon Akopcanyan da təhqirlərə və alçaldılmaya tab gətirməyərək xidmət yerlərini özbaşına tərk ediblər.

Aravot.am saytının yaydığı xəbərə görə, martın 14-də Noyemberyan rayonu ərazisində yerləşən hərbi hissələrin birində əsgər ölümü baş verib. Kamo Martirosyan adlı əsgər təhqirlərə dözməyərək intihar edib.

Sayt daha sonra yazır: “Ermənistan hakimiyyətinin qadağalarına baxmayaraq, sızan məlumatlara əsasən, belə bir sadə nəticəyə gəlmək olar ki, ordumuzda xidmətdən yayınma məqsədilə özünə xəsarət yetirmə adi hadisə, sui-qəsd isə təbii haldır. Amma narahatçılıq doğuran daha bir hal əsgərlər arasında panikadır. Orduda vəziyyət hətta o yerə çatıb ki, hərbçilər qorxudan tez-tez cəbhə xəttinin sağ və sol cinahlarında olan öz mövqelərimizi də düşmənlə səhv salaraq atəşə tuturlar”.

P.S. Martın 15-də Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı Arsen Qəribcanyan küllü miqdarda rüşvət alarkən hərbi polisin xüsusi əməliyyat xidməti tərəfindən saxlanılıb. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.