Rusiya oğurladığı pilot qadını Krıma dəyişmək istəyir
16-03-2016, 01:50
Rusiya ukraynalı pilot Nadejda Savçenkonun azad edilməsinə əvəz olaraq Qərbdən sanksiyaların yumşaldılması və ya Krımın zəbtinin tanınmasını istəyir.
Publika.az xəbər verir ki, bunu “112 Ukrayna” telekanalın efirində Nadejda Savçenkonun vəkili İlya Novikov bildirdi.
“Fikrimcə, Rusiya hələ ümid edir ki, Nadejda Savçenkoya görə nəsə alacaq. Bu, Krımın zəbtinin tanınması və ya sanksiyaların sadələşdirilməsi ola bilər. Mənim informasiyama görə, Rusiya heç nə almayacaq”, – o, deyib.
Xatırladaq ki, N.Savçenko iyun ayının ortalarından Ukraynanın şərqində terrorçular tərəfindən tutulub. Sonra isə məlum olub ki, pilot Rusiyada həbsdədir. Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərqinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatların “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb.
Rusiya jurnalistlər Anton Voloşinlə Vladimir Kelyan iyunda Luqanskda odlu silahdan açılan atəş nəticəsində həlak olub. Hadisənin şahidi olan “Forbes” jurnalının Rusiya təmsilçisi Orxan Camal isə bildirib ki, jurnalistlər separatçıların açdığı atəşin qurbanı olub.
Ukraynalı pilot barədə son məhkəmə hökmü martın 21-də elan olunmalıdır. Müstəntiqlər onun 23 il azadlıqdan məhrum edilməsini istəyirlər.