Hitlerin “sağ əli” Mossada işləyirmiş - Foto
30-03-2016, 23:36
Almaniyada faşist dövründə Hitlerin “sağ əli” kimi tanınan Otto Skorçeni İsrailin kəşfiyyat təşkilatı Mossada işləyirmiş.
Axar.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Qəzetin araşdırmalarına görə, İngiltərə və ABŞ kəşfiyyatının “Avropanın ən təhlükəli adamı” adlandırdığı Skorçeninin Mossadla əlaqəsi müharibədən sonrakı dövrə təsadüf edir.
Skorçeni müharibənin son dövrlərində ABŞ tərəfindən tutulub. Lakin az sonra naməlum səbəbdən onun qaçmasına şərait yaradılıb. İspaniyaya sığınan təcrübəli zabitin Mossadla əlaqəsi də məhz İspaniyada yaranıb.
Dərgi Skorçeninin 1975-ci ilə qədər Mossada çalışdığını bildirib. 1962-ci ildə Misir üçün çalışan keçmiş faşist alimi Heinz Kruqun sui-qəsdi də məhz Skorçeninin sayəsində baş tutub.
Çünki alim ölüm hədələrindən qorxduğu üçün özünə cangüdən tutduğu Skorçeninin Mossada işlədiyindən xəbəriz idi…
Otto Skorçeni 1942-ci ildə tutulan İtaliya diktatoru Benito Mussolininin azad edilməsində iştirak edib. Bundan başqa onun Macarıstanın işğalında müstəsna rolu olub.
Dünyaca məşhur faşist 1975-ci ildə İspaniyada xərçəng xəstəliyindən vəfat edib.