Ukrayna gərginliyi: ABŞ-ın hərbi yardımı "Kiyevə çatdırılıb"

22-01-2022, 18:37           
Ukrayna gərginliyi: ABŞ-ın hərbi yardımı "Kiyevə çatdırılıb"
Rusiya ABŞ və NATO-nu "Ukraynanın hərbiləşdirilməsində" ittiham edir

ABŞ Prezidenti Joe Biden tərəfindən təsdiqlənən 90 tonluq hərbi yardımın ilk hissəsi Kiyevə gətilib. Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi bildirir.

"Ukrayna təhlükəsizliyinin təminatı üçün bu yaxınlarda Prezident Biden tərəfindən təsdiqlənmiş yardım paketinin bir neçə partiyasından birincisi bu gecə Kiyevə gətirilib", - səfirliyin Twitter-dəki açıqlamasında deyilir.

Məlumata əsasən, Kiyevə gətirilən yükə təxminən 200 min funt (təxminən 90 ton - red.) ölümcül silahlar, o cümlədən cəbhə xəttində "Ukraynanın müdafiəçiləri üçün" döyüş sursatları da daxildir.

Bundan əvvəl Böyük Britaniya Ukrayna ordusuna NLAW tank əleyhinə raket komplekslərinin partiyasını verib.

Rusiyanın sərhəddə 100 min əsgəri var, lakin Moskva işğal planını inkar edir. Prezident Vladimir Putin təkid edib ki, Ukraynaya NATO-ya üzv olmağa icazə verilməməlidir.

Cümə günü Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ilə bağlı xəbərlərin artdığı bir vaxtda ABŞ-ın dövlət katibi Entony Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Bundan əvvəl Blinken Moskvaya xəbərdarlıq edib ki, hər hansı bir qüvvə Rusiya-Ukrayna sərhədini keçərsə, bunun ağır nəticələri olacaq.

Entony Blinken-in Lavrovla görüşü onun ABŞ-ın müttəfiqlərini rəsmi Moskvaya qarşı sanksiyalara dəstəyi artırmağa çağırmasından sonraya təsadüf edir.

Berlində Britaniya, Fransa və Almaniya rəsmiləri ilə müzakirələrdən sonra cənab Blinken cümə axşamı deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsinə icazə verilməsi "hamımızı bu qitənin və bu şəhərin ikiyə bölündüyü daha təhlükəli və qeyri-sabit bir zamana geri qaytaracaq... hamının başının üstündə hərtərəfli müharibə təhlükəsi var".

Dövlət Departamentinin rəsmiləri bildiriblər ki, cənab Blinken gərginliyi azaltmaq üçün cənab Lavrova "diplomatik yoldan kənar çıxış" təklif etməyə çalışacaq.

Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss da cənab Putini dəhşətli insan itkisinə səbəb olacaq "böyük strateji səhvə yol verməzdən əvvəl dayanmağa və Ukraynadan geri çəkilməyə" çağırıb.

Moskva israr edir ki, Ukraynaya hücum etmək niyyətində deyil, lakin NATO-nun genişlənməsinə qarşı "dəmir-beton" hüquqi təminat istəyir. Ötən həftə ABŞ və NATO rəsmiləri bunun müzakirəsindən belə imtina ediblər.

Prezident Vladimir Putin Qərbə bir sıra tələblər irəli sürərək təkidlə bildirib ki, Ukrayna heç vaxt NATO-ya üzv olmasın və müdafiə alyansı şərqə doğru genişlənməsini dayandırsın.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.