London da İrəvana Qarabağ reveransı edir - “konflikt bitməyib” deyən güclərin dərdi nə?

12-02-2022, 10:53           
London da İrəvana Qarabağ reveransı edir -
Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallaxer ABŞ-ın bu ölkədəki səfiri Lin Treysidən geri qalmayaraq, erməni “çörəyinə yağ çəkib”. Bu günlərdə erməni mediasına verdiyi müsahibəsində ingilis diplomat “Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib. Biz münaqişəni həll olunmuş hesab eləmirik. Böyük Britaniya Dağlıq Qarabağ konfliktinin mümkün qədər tez və ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsas prinsipləri əsasında hərtərəfli nizamlanmasını istəyir” söyləyib.

Səfir həmçinin amerikalı, fransız və rusiyalı həmsədrlərin səylərini tam dəstəklədiklərini, tərəfləri danışıqlar prosesində konstruktivlik nümayiş etdirməyə çağırdıqlarını vurğulayıb.

Göründüyü kimi, ingilis diplomatın söylədikləri İrəvan rəsmilərinin ənənəvi destruktiv və təxribatçı fikirlərindən heç nə ilə fərqlənmir. Eyni fikirləri vaxtaşırı ABŞ və Fransanın İrəvandakı səfirləri də dilə gətirir. Ancaq ABŞ və Fransanın maraqları məlum - niyyət Bakıya qarşı təzyiq rıçaqı yaratmaqdır. İkinci yandan, bu iki dövlətdən fərqli olaraq, İngiltərə ATƏT-in Minsk Qrupunu üzvü deyil, BMT-də hərbi əməliyyatlarla bağlı səsvermədə də Bakını dəstəkləyib, Britaniyanın Azərbaycana münasibəti bir qayda olaraq həmişə yaxşı olub və onun regiondakı, Azərbaycandakı maraqları da yetərincə başqadır. O zaman sual ortaya çıxır: səfir doğrudanmı öz dövlətinin mövqeyini ifadə edir? Əgər belədirsə, rəsmi London İrəvana Qarabağ reveransı ilə bizə nə demək istəyir? Bu, səfirin, yoxsa ölkəsinin mövqeyidir? Teref.az-ın məlumatına görə, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, keçmiş münaqişənin həllində vasitəçilik edən həmsədr ölkələr var idi: “Onların sırasında Britaniya yer almır. O dövrdə həmsədr dövlətlərin mövqeyi bizim üçün əhəmiyyətli idi. İndi isə münaqişədən sonra problemlər fərqli platformalarda həll edilməkdədir. Böyük Britaniya digər Qərb dövlətlərinə baxanda, daha obyektiv mövqe nümayiş etdirib. Odur ki, səfirin belə danışması anlaşılan deyil. Londonun bu prosesə müdaxilə mexanizmləri də mövcud deyil. Rusiya, Fransa və ABŞ-ın hansısa rol oynaması mümkündür, amma Britaniya hansı addım ata bilər?”

Ekspertin fikrincə, səfir öz ölkəsinə hörmətsizlik edib və İrəvanda oturub “erməni dəyirmanına su tökmək”lə diqqət çəkir: “Bu gün sülhün əldə edilməsi üçün uğurlu addımlar atılmaqdadır. Şarl Mişel regiona səfəri zamanı Ermənistana 2,5 milyard, Gürcüstana 1 milyarddan çox, Azərbaycana cəmi 100 milyondan bir az çox vəsait ayrılmışdı. Amma bu səhv addımın geri götürülməsinə nail olduq və dördtərəfli görüşdən sonra Avropa İttifaqı bizə 2 milyardlıq yardım paketi təqdim etdi. Yəni Qərb təsisatları artıq reallığı qəbul etməkdədirlər. Sadəcə, ingilis səfir ermənipərəst mövqe sərgiləməklə onların təsiri altında olduğunu ortaya qoyub. Artıq sərhədlərin müəyyənləşməsi, yolların açılması müzakirə edilirsə, deməli, münaqişə geridə qalıb, Britaniya səfiri o halda necə deyə bilər ki, keçmiş Dağlıq Qarabağ məsələsi həllini tapmayıb? Sadəcə, səfir onların xoşuna gəlməyə çalışıb. Bu, diplomata yaraşmayan mövqedir. Dünya Azərbaycanın yaratdığı yeni reallıqla barışır və hansısa şəxsin çıxışı bu dalğanın qarşısını ala bilməz”.

Siyasi şərhçi Ramiyə Məmmədova Ermənistanda olan Qərb səfirlərinin ardıcıl çıxışlarını təsadüfi saymır. Onun sözlərinə görə, müharibədən sonra Minsk Qrupunu dövriyyəyə salmaq üçün çağırışlar səslənməkdədir: “Əlbəttə, Minsk Qrupu qayıtsa belə, bunun Londona bir isti-soyuğu yoxdur. Sadəcə, xristian təəssübkeşliyi faktorunu nəzərə almaq lazımdır. Eyni zamanda, səfirlər işlədikləri ölkələrdə konyukturaya uyğun çıxışlar edirlər. Görünür ki, ingilis səfirin də Ermənistanın xarici işlər naziri ilə əlaqələri var və Paşinyan hakimiyyətinin də Qərbpərəst olması burada hansısa rol oynayır. Lakin səfirlərin açıqlamaları mahiyyəti dəyişmir. Biz dördtərəfli görüşdə nə ”status", nə Minsk Qrupu sözünü eşitdik, üstəgəl, Putin də dedi ki, Minsk Qrupu ən yaxşı halda bölgədə humanitar məsələlərə töhfə verə bilər. Elə bilirəm ki, bununla da möhür vuruldu və bir həmsədr ölkənin prezidenti mövqeyini açıqladı. İndi hansı səfir nə demək istəyirsə, qoy danışsın. Biz 30 il Minsk Qrupu demişik, qoy bir 100 il də onlar çağırış eləsinlər".

Ekspertin fikrincə, bölgədə yeni konfiqurasiya yaranmaqdadır: “Dəmiryol xətləri bərpa edilir, Zəngəzur dəhlizi tikilir, Türkiyə ilə Ermənistan arasında çarter reysləri açılıb, Vyanada hər iki tərəfin nümayəndələri növbəti görüş keçirəcəklər, Avropa İttifaqının bizə münasibətində ciddi irəliləyiş var, sərhədlərin dəqiqləşdirilməsi üçün addımlar atılacaq, yəni bütün bunların fonunda Britaniya səfiri münaqişənin həll olunmadığı qənaətinə gəlibsə, ya reallıq hissini itirib, ya da ona İrəvanda yaxşı ziyafət veriblər. Biz bu açıqlamalara yox, gedən proseslərə diqqət yetirməliyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.