Zelenski ukraynalıları panikaya düşməməyə çağırıb - Video

13-02-2022, 00:03           
Zelenski ukraynalıları panikaya düşməməyə çağırıb - Video
Ukrayna prezidenti Vladimir Zelenski ukraynalıları Rusiyanın mümkün işğalı ilə bağlı xəbərlər fonunda panikaya düşməməyə çağırıb: "Rusiyanın yaydığı məlumatlar yalnız panika yaratmağa hesablanıb".
Bizimyol.info xəbər verir ki, dövlət başçısı bu barədə Xerson vilayətində keçirilən xüsusi taktiki təlimlərə baxış keçirdikdən sonra KİV nümayəndələri ilə görüşü zamanı bildirib.

Zelenski hesab edir ki, dövlət ilk növbədə öz ordusuna və vətəndaşlarına güvənməli, hər bir vəziyyətə - hər zaman hazır olmalıdır. Eyni zamanda, o qeyd edib ki, informasiya məkanı Rusiyanın işğalı ilə bağlı çoxlu məlumatlarla dolub.

"Rusiya Federasiyası tərəfindən dərin, tammiqyaslı müharibə haqqında informasiya məkanında həddən artıq çox məlumat var. Onlar hətta müvafiq tarixlərdən danışırlar. Hələlik bu yalnız panika yaradır, kömək etmir. Ölkəmizdəki çaxnaşma yaranarsa, bu düşmənimizin ən yaxşı dostu olacaq. Biz bütün riskləri başa düşürük, onların mövcud olduğunu qiymətləndirməyi bacarırıq", - deyə dövlət rəhbəri bildirib.

"Biz bütün bu məlumatları nəzərə alırıq, bu məlumata görə minnətdarıq, lakin hər hansı bir məlumatı dəqiq təhlil etməliyik, riskləri qiymətləndirməliyik. Biz bir çox mənbələrdən məlumat alırıq. Kəşfiyyatımız da var. Düşünmürəm ki, bizimkilər digər dövlətlərin kəşfiyyatından pis işləyir”, - deyə o əlavə edib.

Zelenski vurğulayıb ki, münaqişənin həllinin yeganə yolu yalnız diplomatiyadan keçir. "Biz diplomatik səviyyədə ayrıca işləyirik, müxtəlif dövlətlərin, müxtəlif liderlərin, müxtəlif səviyyələrin rəhbərliyi ilə gündəlik əlaqə saxlayırıq. Çünki biz hesab edirik ki, diplomatik yol gərginliyi azaltmaq və işğalı azaltmaq üçün yeganə yoldur".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.