Məşhur prokuror Putinin həbsini İSTƏDİ: “O, Ayda yaşamır”
6-03-2022, 00:03

Putin Rusiya hərbçilərinin Ukraynada onun göstərişi ilə törətdiyi insanlığa qarşı cinayətlərə görə mühakimə oluna bilər.
DOSYE.ORG xarici KİV-ə istinadən xəbər verir ki, Faşist Almaniyasının liderləri üzərində Nürnberq məhkəmələrində prokuror işləmiş 101 yaşlı ədalət veteranı Benjamin Ferenc belə deyib.
“Rusiyanın hazırda Ukraynaya qarşı törətdiyi cinayətlər bəşər cəmiyyəti üçün biabırçılıqdır, cinayətkarlar təcavüzə, insanlığa qarşı cinayətlərə və qətllərə görə cavab verməlidirlər”, – Ferenc bildirib.
Putin soyqırımında təqsirli bilinən Bosniya serblərinin lideri Radovan Karadziç kimi həbs oluna bilər.
“Bu, çox realdır. Sizə lazım olan tək şey bunu etmək üçün qətiyyətdir, çünki onlar ayda yaşamırlar. Mən Putini dəmir barmaqlıqlar arxasında görmək istəyirəm, bu mümkündür”, – Ferenc əlavə edib.
Onun fikrincə, Qərb ölkələri Nürnberq məhkəməsi təhlükəsinin Rusiya hərbçilərini cinayət törətməkdən çəkindirəcəyinə ümid edirdilər. Amma indi aydın olur ki, bu presedent işğalçılara aid deyil.
Xatırladaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi artıq Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı araşdırmalara başlayıb.