ABŞ YPG/PKK-nın nəzarətində olan Suriya ərazilərini sanksiyadan çıxaracaq
14-03-2022, 10:18

ABŞ prezidenti Co Bayden administrasiyası Suriya hökumətinin nəzarətində olmayan şimal və şimal-şərq bölgələrini sanksiyalardan çıxarmaq barədə qərar hazırlayır. AzVision.az xəbər verir ki, bu barədə Vaşinqtondakı diplomatik mənbələrə istinadən “Asharq Al-Awsat” qəzeti məlumat yayıb. Söhbət YPG/PKK terror təşkilatının əlində olan ərazilərdən gedir. “Cəbhət ən-Nusra” terror qruplaşmasının üzvlərinin fəaliyyət göstərdiyi şimal-qərb İdlib əyalətinə, eləcə də 2018-ci ildən Türkiyə hərbçiləri tərəfindən mühafizə edilən Afrin sərhəd bölgəsinə münasibətdə sanksiya qüvvədə qalacaq. Nəşrin məlumatına görə, Suriya istiqamətinə nəzarət edən amerikalı diplomat Eytan Qoldriç Vaşinqtonda ərəb və Qərbi Avropa dövlətlərinin nümayəndələri ilə görüş keçirib və bu görüş zamanı onlara ABŞ administrasiyasının niyyətləri barədə məlumat verib.
O, sanksiyalar rejiminin yumşaldılmasını guya İŞİD-ə qarşı müharibədə ABŞ-ın müttəfiqi olan YPG/PKK terror təşkilatına dəstək verilməsinin zəruriliyi ilə izah edib. Qoldriç bildirib ki, ABŞ PKK terrorçularının nəzarətində olan ərazilərdə iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün terrorçulara yardımın miqyasını artıracaq.