Almaniya ilə Ukrayna arasında diplomatik qalmaqal - SƏFİR KANSLERİ TƏHQİR ETDİ

3-05-2022, 16:13           
Almaniya ilə Ukrayna arasında diplomatik qalmaqal -
“Rəsmi Kiyev Almaniya prezidenti Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtinaya görə üzr istəməlidir”.

Xarici KİV xəbər verir ki, Ukrayna hakimiyyətinə yönəlik bu çağırışı Almaniya parlamentinin müdafiə komitəsinin rəhbəri, Azad Demokratlar Partiyasının üzvü Mari-Aqnes Ştrak-Zimmerman səsləndirib.

Siyasətçinin sözlərinə görə, Ukrayna alman prezident Ştaynmayerə qarşı hərəkətlərinə görə üzr istəməzdən əvvəl Almaniya kansleri Olaf Şolzun səfərinə də ümid edə bilməz.

Almaniya parlamentinin deputatı Ukraynanın Berlindəki səfiri Andrey Melnikin kansler Olaf Şolzu Kiyevə getmək istəmədiyinə görə təhqir etməsini də pisləyib:

“Ukrayna Almaniya prezidentinin dəvətini geri götürüb və indi bütün arzusu ilə kanslerin Kiyevə gedəcəyini gözləyə bilməz. Cənab Melnik, bəlkə siz əvvəlcə prezidentdən üzr istəyəsiniz, sonra nəzakətlə kansleri dəvət edəsiniz”, - deyə deputat bildirib.

Bundan əvvəl səfir Andrey Melnik Olaf Şolzun Ukraynaya səfərindən imtina etməsini pisləyərək, onu “incimiş qaraciyər kolbasası” adlandırıb və siyasətçinin özünü uşaq kimi apardığını bildirib. Eyni zamanda o, Ukrayna prezidenti Volodimir Zelenskinin hələ də kansleri Kiyevdə qəbul etməkdən məmnun olacağını vurğulayıb.

Xatırladaq ki, Almaniya Nazirlər Kabinetinin rəhbəri bildirib ki, Zelenskinin Kiyevdə həmkarı Ştaynmayeri qəbul etməkdən imtina etməsi kanslerə Ukrayna paytaxtına səfər imkanı vermir. Şolzun sözlərinə görə, Ukrayna liderinin Almaniya prezidentini görmək istəməməsi pis hadisədir.

Aprelin ortalarında "Bild" qəzeti yazıb ki, Zelenski alman həmkarı Ştaynmayeri qəbul etməkdən imtina edib. Kiyevdə hesab edirdilər ki, Almaniya Federativ Respublikasının rəhbəri Rusiyaya münasibətdə çox yumşaq davranıb.

Almaniyada Zelenskinin qərarı anlaşılmazlığa səbəb olub və müxtəlif partiyaların siyasətçiləri tərəfindən kəskin tənqid edilib. Xüsusilə vitse-kansler Robert Habek bunu “diplomatik səhv” adlandırıb./modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru