Sarkisyan Əliyevlə görüşündən danışdı: `Nəticələrdən razı qaldıq` (VİDEO)

17-05-2016, 18:06           

Ermənistan prezidenti Serj Sarkisyan Vyanadan qayıdan zaman təyyarədə onu müşayiət edən jurnalistlərə Avstriya paytaxtında keçirilən Qarabağ müzakirələri barədə açıqlama verib.

Bu barədə AzVision.az `İnterfax`-a istinadən xəbər verir.

Sarksiyanın sözlərinə görə, hər iki tərəf görüşə yollananda öz marağını güdür: “Aydındır ki, Minsk Qrupu həmsədrlərinin öz hədəfləri olub, Azərbaycan tərəfinin öz hədəfi, bizim də öz hədəfimiz. Bizim məqsədimiz bunu aydınlaşdırmaq idi ki, doğrudanmı danışıqlar dalana dirənib və döyüşməkdən başqa yol yoxdur, yaxud biz problemləri daha az itkilərlə həll edə bilərik?”.

Ermənistan prezidentinin sözlərinə görə, o və həmkarları görüşün nəticələrindən əsasən razı qalıb.“Təfərrüatlara toxunmağa ehtiyac yoxdur. Lakin bununla belə Azərbaycan prezidenti əmin etdi ki, nə onun ölkəsi, nə şəxsən özü hansısa problemin hərbi yolla həllini qarşıya məqsəd qoymayıb. Ancaq bizim təkcə proqnozlara və təxminlərə əsaslanmağa haqqımız da yoxdur, çünki müharibə ən yaxşı həll yolu deyil. Baxaq, görək hadisələr necə cərəyan edəcək. Hər halda biz istənilən varianta hazırıq, əlbəttə, istərdik ki, bu sülh variantı olsun”, - deyə Sarkisyan bildirib.



Erməni prezidenti vurğulayıb ki, onun ölkəsi prezidentlərin növbəti görüşünün ATƏT həmsədrlərinin təmas xəttində monitorinqi təmin etməsindən sonra keçirilməsini təklif edib: “Söhbət ondan getdi ki, müəyyən müddət sonra yeni görüşün keçirilməsi düzgün olardı. Və biz konstruktiv təkliflə çıxış etdik: söhbət həmsədrlər tərəfindən təmas xəttində atəşkəs rejiminə riayət edilməsini təmin edən monitorinqin tətbiq edilməsindən gedir. Biz təklif etdik ki, bu monitorinq bizim növbəti görüşümüzə qədər təmin edilsin. Bu, tərəflərin konstruktiv yanaşması olardı”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.