2,2 milyardlıq vergidən yayınma... - 24 nəfər saxlanıldı
14-12-2022, 09:54

Avropa İttifaqı (Aİ) Polis Təşkilatının (Avropol) koordinasiyası ilə Avropa Baş Prokurorluğu (EPPO) tərəfindən 14 ölkədə eyni vaxtda əməliyyatlar həyata keçirilib.
Bakupost.az xarici mətbuata istinadən bildirir ki, əməliyyatlarda təxminən 2,2 milyard avro dəyərində vergidən yayınan 24 nəfər saxlanılıb.
EPPO xərclər və gəlir fırıldaqçılığı, iki və ya daha çox üzv dövlətin iştirak etdiyi ən azı 10 milyon avro məbləğində ƏDV ilə bağlı fırıldaqçılıq, Aİ büdcəsindən saxta aktivlərin yuyulması, Aİ-nin maliyyə maraqlarına təsir edən korrupsiya və sui-istifadə hallarını araşdırıb.
Avropolun yazılı açıqlamasında bildirilir ki, əməliyyatlar Portuqaliya mənşəli bir şirkətə və onunla əlaqəli olan şirkətlərə qarşı həyata keçirilib. Bu, indiyə qədər keçirilən ən əhatəli vergidən yayınma əməliyyatıdır.
Məlumata görə, Portuqaliyada yerləşən bir elektronika şirkəti ilə əlaqəli 30 ölkədə 9 min şirkət və 600 nəfərin kommersiya fəaliyyəti araşdırılıb. 312 evdə axtarış aparılıb, 529 bank hesabı dondurulub.
81 daşınmaz əmlak, 31 lüks avtomobil, 2,5 milyon avro nağd pul, 1 Kalaşnikov avtomatı müsadirə edilib. Əməliyyatlar zamanı müsadirə edilən elektron cihazların ümumi dəyəri isə 67 milyon avrodan çoxdur.