Nigeriya böhran girdabında - Həftədə 3 gün işləyəcəklər
9-06-2023, 08:08

Nigeriyada hökumət subsidiyaları ləğv etdikdən sonra yanacaq qiymətlərinin artması səbəbindən dövlət işçilərinin həftəlik iş vaxtı 2 ştatda 3 günə endirilib.
Avropa.info xəbər verir ki, Nigeriyanın Kvara və Edo ştatlarında yanacağın bahalaşması səbəbindən dövlət işçilərinin həftəlik iş vaxtı 5 gündən 3 günə endirilib. Kvara Qubernatorluğu bu qərarın yanacağın bahalaşması ilə mübarizə məqsədilə qəbul edildiyini bildirib.
Nigeriya prezidenti Bola Əhməd Tinubu mayın 29-da bildirib ki, o, neft məhsullarına verilən subsidiyanı aradan qaldıracaq və ölkədə yanacağın qiyməti qalxıb. Bir litri 185 nairaya (təxminən 0,40 dollar) satılan yanacağın qiyməti artaraq 488-557 naira (1,06-1,21 dollar) olub.
Nigeriyada fəaliyyət göstərən həmkarlar ittifaqları köhnə yanacaq qiymətlərinə qayıtmaq üçün iyunun 7-dək vaxt verib, əks halda ümummilli tətilə başlayacaqlarını bildiriblər. Lakin həmkarlar ittifaqları hökumətlə danışıqlardan sonra tətil qərarını dayandırıb.
Afrikanın ikinci ən böyük neft istehsalçısı olan Nigeriya neft emalı zavodlarının olmaması səbəbindən mazutun demək olar ki, hamısını idxal etdiyi vəziyyətdədir. 2000-ci ilin oktyabrında hökumət neft şirkətlərinə birbaşa maliyyə dəstəyi göstərməklə yanacaq subsidiyasını tətbiq edib.
Tinubu sözügedən subsidiyanın yoxsulların deyil, yalnız zənginlərin xeyrinə olduğunu və xərclərin getdikcə artdığını ifadə edərək, subsidiyanı ləğv edəcəyini açıqlayıb.