“Çin Kubada ABŞ-a qarşı casus bazası qurmaq istəyib” - “Wall Street Journal”
9-06-2023, 11:14
Çin və Kuba arasında casusluq sahəsində milyard dollarlıq gizli razılaşma üzə çıxıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Wall Street Journal” öz mənbələrinə istinadla məlumat yayıb.
Qəzetə danışan mənbələr Çin hökumətinin Kubada casus bazası qurmağı planlaşdırdığını deyiblər. Məlumata görə, Çin Floridaya çox yaxın olan Kubadakı casus bazasından elektron dinləmə cihazlarının köməyi ilə gizli məlumatlar toplamağı hədəfləyib.
Elektron dinləmə bazasının yaradılmasının təfərrüatları barədə əlavə məlumat paylaşılmayıb.
Həmçinin, Çinin iqtisadi böhran içində olan Kubaya bununla bağlı milyardlarla dollar ödəməyə hazır olduğu və iki ölkənin prinsipial razılığa gəldiyi bildirilib.
Nəşr yazır ki, yüksək kəşfiyyat sistemlərinə malik Çin bazasının ABŞ-ın “arxa həyətində” olması Ağ Ev üçün ciddi təhlükə mənbəyi hesab olunur.