AVROPA ÜÇÜN PİS GÜN… – “Bu nəticələr Britaniyanı əsaslarına qədər sarsıdacaq”

26-06-2016, 11:44           

Bu baş verməməliydi. Üç il bundan öncə Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkəsinin Avropa Birliyindəki (AB) üzvlüyü ilə bağlı referendum keçirilməsi sözü verən zaman, o, qalib gələcəyinə əmin idi. Lakin Böyük Britaniya vətəndaşları ayrı bir qərar verdilər. 23 iyun tarixində britaniyalılar Avropa Birliyindən çıxmağı üstün saydılar.

Bu seçim mənfi mənada hədsiz dərəcədə mühüm oldu. B.Britaniya iqtisadiyyatı üçün bilavasitə risklər çox ciddidir, ona görə də bu referendumun nəticələri böyük bir qeyri-müəyyənlik doğurdu. Və böyük ehtimalla Britaniyanın həm Avropa, həm də bütün dünya ilə olan iqtisadi münasibətlərinin hansı ticarət müqavilələri ilə idarə olunacağı məsələsi aydınlaşmayınca, belə bir vəziyyət uzun müddət davam edəcək.

Digər tərəfdən isə buna Birləşmiş Krallığın daxilində yaşana biləcək siyasi sabitsizlik ehtimalı əlavə olunmalıdır. Devid Kemeron ümumxalq etimadını uduzaraq, istefa verdi.

B.Britaniya parlamentinin əksəriyyəti – həm liberallar və həm də mühafizəkarlar Avropa Birliyində “qalmaq” kampaniyasının tərəfdarları idilər. Seçicilər gələcəkdə onlara etibar göstərə bilərlərmi? Şotlandiya AB tərkibində qalmaq çağrışı ilə çıxış edirdi və indi isə onlar Şotlandiyanın B.Britaniyadan ayrılaraq, müstəqil olmasına çalışacaqlar. Bu referendumun nəticələri Birləşmiş Krallığı əsaslarına qədər sarsıdacaq. B.Britaniyadakı referendumun Avropa Birliyinə təsiri də az olmayacaq. B.Britaniya AB-nin üzvlərindən yalnız biridir. Lakin B.Britaniya AB-nin ən böyük və nüfuzlu üzvlərindəndir.

Avropa Birliyini tərk etməyə qərar verən ilk ölkə olaraq, B.Britaniya bu addımın düzgün qərar olmasını sübut etməyə çalışır. Əgər proqnozların əksinə olaraq, B.Britaniya bunu bacararsa, onda AB-nin digər üzvləri də britaniyalılardan nümunə götürmək istəyə bilərlər. Anti-Avropa əhvalı təkcə B.Britaniyada yayılmayıb. Bu yaxınlarda AB-nin 10 üzv ölkəsində “Pew” arşdırma mərkəzinin keçirdiyi rəy sorğusuna görə, hər iki vətəndaşdan biri AB-yə neqativ yanaşır.
Rəyi soruşulanların təxminən 42 %-i səlahiyyətlərin hamısının milli hökumətə qaytarılmasını istəyir və yalnız 19 % hesab edir ki, AB-yə daha çox səlahiyyət vermək lazımdır. Bu gün Avropa Birliyi ideyası Fransada B.Britaniyadan da az dəstəklənilir. Hazırda İspaniyada seçkilərə, İtaliyada isə konstitusiya islahatları ilə əlaqədar referenduma hazırlıq gedir. ”Brexit”-in nəticələri bütün Avropanı bürüyəcək.

Sonradan isə günahkarların axtarılması anı gələcək və bu günah hamıya kifayət edəcək. Hələlik indiki qeyri- müəyyənlik şəraitində əsas məsələ sakitçiliyin bərpa olunmasıdır. Hazırkı vəziyyətdə bölünməyə rəvac verəcək fəaliyyətlərə üstünlük vermək olmaz.

B.Britaniya Avropa Birliyindən çıxmağa başlayanda, o, Norveç və İsveçrə üçün tətbiq edilən əlverişli şərtlərə uyğun şəkildə Avropa bazarına daxil olmağa çalışacaq. B.Britaniya bacardıqca buna daha tez nail olmaq istəyəcək. Bu məsələ qarşılıqlı münasibətlərdə daha çox vacibdir. Bütün bunların baş tutması üçün, B.Britaniya Avropa Birliyinin hazırda fəaliyyətdə olan bir sıra qayda və normaları ilə razılaşmalıdır. Dəyişən şərtlərə uyğunlaşmaq üçün tərəflərin heç biri maksimal mövqe tutmamalıdır.

Referendumun nəticələrinin düzgün olmasına əminlik əhvalı sovuşduqdan sonra, kompromislər axtarmaq xeyli dərəcədə vacib hala gələcək.

Əlbəttə, B.Britaniyanın Avropa Birliyindəki keçmiş tərəfdaşları Londonu elə sərt cəzalandırmaq istəyə bilər ki, bu birlikdən çıxmağı arzulayan digər üzvləri bərk qorxutsun. Ancaq bunu etməyə dəyməz.

Birincisi, ona görə ki, cəza verməyə cəhd, mövcud daxili problemlər üzündən narazılıq hissi keçirən Avropa Birliyinin digər üzvlərinin əhalisində çətin ki, etimad yaratsın.

İkincisi, ona görə ki, B.Britaniya ilə Avropa Birliyi referendumun nəticələrindən asılı olmayaraq, yaxın dost və müttəfiq olmalıdırlar. Bu yeni münasibətlərin qurulmasının vaxtı gəlib çatıb.

Özünün keçmiş üzvünə qarşı Avropa Birliyinin hansı mövqedə dayanmasına baxmayaraq, birlik daxilində artan anti-AB əhval ruhiyyəsi etiraf olunmalı və buna qarşı mübarizə tədbirləri görülməlidir. Bəlkə bu “Brexit” həmin lazımı təkan olacaq. Avropa liderləri uzun müddət mövcud narazılıqlara əhəmiyyət verməyərək, tələb olunan müvafiq addımları atmayıblar. Böyük Britaniyadakı referendumun nəticələri bu cür müştəbehliyin haraya gətirib çıxardığını əyani nümayiş etdirdi. Böyük Britaniyanın AB-dən çıxmasının ziyanlarını minumuma endirmək və gələcəkdə bu cür referendumların keçirilməsinin qarşısını almaq üçün Avropa elə indidən dəyişməlidir.

(Bloomberg)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.