Sunak İordaniya kralı ilə Qəzza zolağına yardımın çatdırılmasını müzakirə edib
22-04-2024, 00:06
Böyük Britaniyanın baş naziri Rişi Sunak İordaniya kralı II Abdullah ilə Qəzza zolağına çatdırılan humanitar yardımın həcminin artırılması imkanlarını müzakirə edib.
Bu barədə Britaniyanın hökumət başçısının dəftərxanasının yaydığı bəyanatda deyilir.
Sənəddə deyilir: "Qəzza zolağına humanitar yardımı əhəmiyyətli dərəcədə artırmaq üçün birgə səylər müzakirə edilib, bura İordaniyanın rəhbərlik etdiyi əməliyyatda Böyük Britaniyanın hava daşıması, Qəzzaya quru humanitar dəhlizi və Qəzza ilə Kipr arasında dəniz dəhlizi daxildir".
Sunak həmçinin vurğulayıb ki, London anklava yardımın çatdırılması və HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üçün dərhal humanitar fasilə elan etməkdə israrlıdır.
"Baş nazir qeyd edib ki, Böyük Britaniyanın son məqsədi israillilər və fələstinlilər üçün iki dövlətli həllə nail olmaqdır. Liderlər Fələstin ərazilərində sabitlik və firavanlığı təmin etmək üçün Fələstin Milli Administrasiyasını dəstəkləməyin və islahatların aparılmasının vacibliyi barədə razılığa gəliblər", - Sunakın ofisi əlavə edib.