Ukrayna ABŞ texnikası ilə Rusiya ordusuna ağır zərbələr vurur – Tərəflər nə qədər texnika itirib?

11-06-2024, 17:18           
Ukrayna ABŞ texnikası ilə Rusiya ordusuna ağır zərbələr vurur –
İki il dörd aydır sürən ağır döyüşlərdə Rusiya ordusu canlı qüvvə daşıyan 4 minədək zirehli maşın və piyadaların döyüş maşınını itirib. Hər iki zirehli maşın növündən canlı qüvvəni döyüş meydanına daşımaq üçün istifadə edilir.

Bu, orta hesabla ayda 150 rus zirehli hərbi maşınının məhvi deməkdir.

Rusiya 2022-ci ilin fevralında tammiqyaslı savaş başladandan bəri Ukraynanın toplam minə yaxın zirehli döyüş maşını sıradan çıxarılıb.

Ötən ay Rusiyanın itkiləri kəskin artıb. Təhlilçi Endryu Perpetua deyir ki, Rusiya ötən ay 288 zirehli transportyor və piyadaların döyüş maşınını itirib. “Bu, yalnız görə və saya bildiklərimizdir”, – deyə o vurğulayıb.

Baş verənlər göz önündədir. 1126 kilometrlik cəbhə xəttinin ən qanlı hissələrindən biri Ukraynanın şərqindəki Avdeyevka şəhəridir. Bu şəhərin xarabalıqları ətrafında ukraynalılar döyüş meydanına daha yaxşı, ruslarsa daha pis maşınlar çıxarırlar. İkisi toqquşarkən ruslar ağır itki verirlər. Son bir ayda sosial mediada paylaşılan iki video zirehli maşınlarla bağlı qeyri-tarazlığı qrafik şəkildə göstərir. Hər iki halda Ukraynanın Amerika istehsalı olan “M-2 Bradley” piyada döyüş maşını Rusiyanın zirehli transportyorlarını məhv edir. Bu iki toqquşmada onlarla rus əsgərinin ölməsi ehtimalı böyükdür.

Mayın 2-dən öncə baş verən birinci döyüşdə Rusiyanın köhnə “MT-LB” zirehli traktorlarından biri Avdeyevkanın qərbində sürətlə Ukrayna xəttinə tərəf hərəkət edir və özü ilə partlayıcı dronlar daşıyır. Onun üzərində 6-yadək piyada əsgər var. Onu ABŞ-nin Ukraynaya verdiyi 1990-cı illərə aid vintaj “M-2” döyüş maşını qarşılayır.

Dəstək maşını kimi dizayn olunmuş, zirehi nazik, ağır silahları da az 13 tonluq “MT-LB” heç vaxt canlı qüvvəni birbaşa döyüş meydanına daşımaq üçün nəzərdə tutulmayıb. Ancaq bu vaxtadək minlərlə BMP itirən rusların piyadaları daşımaq üçün zirehli maşın kimi zirehli traktorlardan istifadə etməkdən başqa çarəsi qalmayıb.

34 tonluq bu maşının dəqiq və sürətli 25 millimetrlik avtotopu, sərnişinləri və heyəti qoruyan effektiv zirehi var. Videoda M-2-nin üç nəfər heyət üzvü “MT-LB”ni aşkar edərək atəş açır. Rus piyadaları MT-LB-lərini yerindən sıçradır və “Bradley”nin 25 millimetrlik topları bu traktoru məhv edir. “”M-2 Bradley” bu işin necə görüldüyünü nümayiş etdirir”, – Ukrayna Müdafiə Nazirliyinin açıqlamasıdır.

Təxminən bir ay sonra buna bənzər daha bir hadisə baş verir. Rusiyanın iki “BTR-82” təkərli zirehli transportyoru Avdeyevka ətrafında Ukrayna xəttinə doğru hərəkət edir. Transportyorun dron əleyhinə qəfəslərinə onlarla əsgər sığınıb.

15 tonluq “BTR-82” “MT-LB”dən yenidir və silahlarla da daha yaxşı təchiz edilib. Ancaq o da “M-2” ilə birbaşa döyüşdə eyni dərəcədə zəifdir. Ukrayna dronu BTR-ləri üzə çıxarır. “M-2” pusqu qurmaq üçün əlverişli mövqeyə keçərək, rus maşını qorunmasız halda açıq sahəyə keçərkən, əlverişli mövqe seçib atəş açır.

Döyüşü əks etdirən videoda BTR-in üstündə gedən əsgərlər 25 millimetrlik güllələrə tuş gəlirlər. Maşınlardan biri sıradan çıxır. Əsgərlərin bədənləri havaya uçur. Sağ qalanlar qaçaraq mərmilərin yaratdığı çuxurlarda gizlənməyə çalışırlar.

“Biz bir daha göstəririk ki, yalnız çağdaş texnologiyalar və Amerika silahlarından ustalıqla istifadə döyüş meydanında ciddi üstünlük qazandırır”, – 47-ci mexanikləşdirilmiş briqada öz sosial media hesablarından birində belə yazır.

Doğrudan da, ukraynalılar ötən ilin əvvəllərində özlərinin 300 “M-2” maşınından birinci partiya əldə edəndən bəri onlardan 40-a yaxınını itiriblər. Ortalama itki sayı ayda iki “Bradley”dir. Ukraynalılar həmin maşınla işləməyi daha yaxşı öyrəndikcə, bu göstərici sabit qalıb.

47-ci mexanikləşdirilmiş briqada bu vaxtadək Ukrayna ordusunun “M-2” işlədən tək hərbi birləşməsi idi. Ancaq ötən ay yüzədək yeni “M-2” alındığından Kiyevin Baş Qərargahın daha bir briqadasını bu maşınlarla təchiz etmək imkanı var. Bu da Ukraynanın Rusiya üzərində zirehli maşın üstünlüyünə sahib olduğu cəbhə sektoru sayını iki dəfə artıra bilər.

Amerikalıların daha çox “M-2” göndərə bilməməsi üçün heç bir səbəb yoxdur. ABŞ ordusu artıq “Bradley” maşınlarının bu modelindən yararlanmır. Minədək belə maşın ordunun anbarlarında saxlanmış olmalıdır. Bu cür anbarlardan biri Kaliforniyada yerləşir və orada hazırda 500-dək köhnə “M-2” var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.