Almaniya hərbi bazalarda zəhərli təxribat - Şübhələr Rusiyaya yönəldi
16-08-2024, 00:12
Almaniya iki hərbi bazasında içməli suyun çirkləndirilməsində Rusiyanın mümkün təxribatının izlərini araşdırır.
Bakupost.az -ın Bloomberg-ə istinadən məlumatına görə, hədəflər Köln-Vandakı Bundesver bazası və Haylenkirhendəki NATO aerodromu ola bilər.
Almaniya ordusunun sözçüsü Ulrix Vonrobert bildirib ki, gecə ərzində Köln bazasının ətrafındakı hasarda dəlik açılıb. Bunu edənləri müəyyən etmək mümkün olmayıb. Xəbərdarlıq sistemi suyun keyfiyyətindı "anormal göstəricilər" aşkar edib.
NATO-nun Haylenkirhendəki sözçüsü Donni Demmers deyib ki, avqustun 13-də axşam bir nəfər obyektə daxil olmağa çalışıb, lakin mühafizəçilər onun qarşısını alıblar.
"Kölndə baş verənləri bildiyimiz üçün su təchizatı obyektlərimizi yoxladıq. Onlara heç bir müdaxilə olmayıb", - deyə o əlavə edib.
Almaniya parlamentinin aşağı palatasının müdafiə komitəsinin sədri Markus Faber deyib ki, Kölndə kansler Olaf Şolz və onun kabinet üzvlərinin istifadə etdiyi təyyarələr üçün mərkəzdə təxribat şübhəsi artır.
"Əlavə araşdırmalar bu təxribatın arxasında Rusiyanın dayanması ilə bağlı ilkin şübhələrimin təsdiqini tapıb-tapmayacağını müəyyən edəcək", - Faber bildirib.
Almaniyanın kəşfiyyat xidmətlərinə nəzarət edən parlament komitəsinin sədri Konstantin fon Notz Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzündənsonra hibrid müharibəsinin intensivləşməsi ilə bağlı xəbərdarlıq edib.
Almaniyadada təxribatlar
Daha əvvəl Qərb mediası xəbər vermişdi ki, ilin əvvəlində Amerika kəşfiyyatı Rusiyanın Almaniyanın Rheinmetall konserninin baş direktoru Armin Pappergeri öldürmək planlarından xəbər tutub.
Rusiyalı təbliğatçılar isə bir müddət əvvəl Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Taurus raketlərinin Ukrayna ordusuna ötürülməsi barədə söhbətin stenoqramını dərc etmişdi.