İsrail Livanın cənubuna və Qəzzaya havadan zərbələr endirib

23-08-2024, 15:34           
İsrail Livanın cənubuna və Qəzzaya havadan zərbələr endirib
Müzakirəçilərin İsraillə HƏMAS silahlı qruplaşması arasındakı fikir ayrılıqlarını həll etməyə çalışdığı, Qəzzada atəşkəsə nail olunmasında qeyri-müəyyənliyin davam etdiyi bir vaxt, İsrail qüvvələri cümə axşamı Qəzza zolağında və Livanın cənubunda hava hücumları həyata keçirib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın cümə axşamı bildirdiyinə görə, İsrailin Qəzzanın şimalındakı Beyt Lahiya bölgəsinə endirdiyi zərbə nəticəsində azı 11 nəfər ölüb.

İsrail ordusu HƏMAS-ın Qəzzadakı hərbi obyekti yaxınlığındakı silah anbarına, eləcə də Qəzzanın mərkəzinə endirdiyi hava zərbələrinin militantların ölməsinə səbəb olduğunu bildirib.

İsrail Müdafiə Qüvvələri (IDF) cümə axşamı bildirib ki, hava hücumlarının növbəti raundu keçən gecə Livanın cənubunda 10-dan çox ərazini hədəf alıb. IDF "Hizbullah" militant qruplaşmasının hücumlar üçün istifadə etdiyi yerləri vurduğunu deyib.

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü ABŞ-ın “İrandan gələn bütün təhdidlərə, o cümlədən İranın dəstəklədiyi HƏMAS, "Hizbullah" və husilər də daxil olmaqla, bütün terror qruplaşmalarına qarşı mübarizəsində İsrailə müdafiə xarakterli dəstək səylərini müzakirə edib. Bu barədə Ağ Evin bəyanatında deyilib.

Bəyanatda həmçinin Baydenin "atəşkəs və girovların azad edilməsi ilə bağlı sazişin əldə edilməsinə nail olunmasının təcili olduğunu vurğuladığı və qalan maneələri aradan qaldırmaq üçün qarşıdan gələn Qahirə danışıqlarını müzakirə etdiyi" deyilib.

Birləşmiş Millətlər Təşkilatı çərşənbə günü xəbərdarlıq edib ki, İsrailin Qəzzada evakuasiya əmrləri fələstinli mülki ıhalinin Qəzza sahili boyunca izdihamlı ərazilərə köçməsinə sövq edir.

BMT-nin bildirdiyinə görə, İsrailin son əmri Qəzzanın mərkəzindəki əsas xəstəxananın yaxınlığındakı Deyr Əl-Bəlahdakı və Qəzzanın cənubundakı Xan Yunisdəki yaşayış məntəqələrini tərk etməli olan 150 mindən çox insana təsir edib.

ABŞ, Misir, Qətər və İsraildən olan müzakirəçilərin döyüşlərin dayandırılması və HƏMAS-ın hələ də saxladığı girovların azad edilməsini nəzərdə tutan atəşkəsə nail olunması prosesini irəlilətmək üçün yaxın günlərdə yenidən Qahirədə görüşəcəyi gözlənilir.

Netanyahunun ofisi çərşənbə günü bildirib ki, İsrail HƏMAS-ın onun təhlükəsizliyinə təhdid olmaması da daxil olmaqla, müharibə ilə bağlı bütün məqsədlərinə nail olmaqda israrlıdır.

Çərşənbə günü HƏMAS İsrailin Qəzzanı tamamilə tərk etməsini ehtiva edən əsas tələblərini bir daha təkrarlayıb.

Müharibə HƏMAS-ın İsrailə hücumu, 1200-ə yaxın insanın ölümü və 250-yə yaxın insanın girov götürülməsi ilə başlayıb.

Qəzzanın səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin hava və qurudan əməliyyatları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla, 40 mindən çox fələstinli ölüb. İsrail ordusu ölənlərin arasında minlərlə HƏMAS döyüşçüsünün olduğunu deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.