Volqoqraddakı hərbi obyektin dronla vurulduğunu bildirib
23-08-2024, 10:38
Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı ölkəsinin şimal-şərqindəki Sumı bölgəsinə səfər edib. Bu onun avqustun əvvəlində Kyivin Rusiyanın Kursk bölgəsinə gizli müdaxiləsindən sonra Rusiya ilə sərhədə yaxın əraziyə ilk səfəri olub.
Zelenski Ukraynanın hərbi komandiri, general-polkovnik Oleksandr Sırski ilə görüşüb və daha sonra Ukraynanın Kurskdakı daha bir yaşayış məntəqəsinə nəzarəti əlinə aldığını və çox sayda rus hərbçisini əsir götürdüyünü bildirib. O, bunun rus əsirlərinin ukraynalılarla mübadilə etmək ümidi ilə edildiyini deyib və bunu Ukraynanın "mübadilə fondu" adlandırıb.
Lakin Kyivin orada əldə etdiyi nailiyyət - İkinci Dünya Müharibəsindən bəri Rusiya ərazisinin ilk dəfə xarici qüvvələr tərəfindən ələ keçirilməsi Ukraynanın şərqindəki Donetsk bölgəsində mövqelərini itirməkdə davam etdiyi bir vaxt baş verir. Rusiya Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, onun hərbçiləri Mejovo kəndinə nəzarəti ələ alıb.
Rusiya prezidenti Vladimir Putin cümə axşamı Ukraynanı Rusiya sərhəddindəki döyüşlərdən təxminən 50 kilometr aralıda yerləşən Kursk Atom Elektrik Stansiyasına hücum etməkdə ittiham edib. Lakin Kreml lideri iddia edilən hücumla bağlı heç bir sübut və əlavə təfərrüatlar təqdim etməyib.
Rusiyanın cənubundakı Volqoqrad vilayəti rəsmilərinin cümə axşamı bildirdiyinə görə, Ukraynaya məxsus pilotsuz aparat (PUA) hərbi obyekti vurub və yanğın baş verib.
Regionun qubernatoru Andrey Boçarov Telegram kanalında hücumun Marinovka ərazisində baş verdiyini, lakin xəsarət alanların olmadığını bildirib. Həmin ərazidə Rusiyanın hərbi hava bazası yerləşir.
Rusiya Müdafiə Nazirliyi isə cümə axşamı bildirib ki, Ukrayna qüvvələri gecə ərzində ümumilikdə 28 pilotsuz təyyarə ilə hücum edib ki, onlardan 13-ü Volqoqradı hədəf alıb. Rostov, Belqorod, Voronej, Bryansk və Kursk vilayətləri də hədəf alınıb.
Kursk vilayətinin qubernatoru Aleksey Smirnov cümə axşamı bildirib ki, hava hücumundan müdafiə üçün bölgənin paytaxtında betondan sığınacaqlar quraşdırılır.
Çərşənbə günü Ukrayna Rusiyanın Kursk bölgəsinə hücumunun qarşısını almaq üçün ABŞ istehsalı olan silahlarla Rusiyanın müvəqqəti üzən körpülərini dağıtdığını dediyi bir vaxt Moskva qüvvələrinin Kyivin oradakı irəliləyişinin qarşısını aldığını və Ukraynanın şərqində mövqe tutduğunu bildirib.
Avqustun 6-da gözlənilmədən Kursk bölgəsinə keçdikdən sonra Kyiv bir sıra döyüş meydanında uğurlar əldə etdiyini elan edib.
Moskva isə iki il yarımdır davam edən döyüşlərdən yorulan qoşunlarının Ukraynanın şərqində davamlı olaraq irəliləməsi üçün təzyiq göstərir.
Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna ordusu Rusiyanın Ukraynanın şərqindəki irəliləyişlərinin mərkəzi olan Pokrovsk ətrafında mövqelərini gücləndirir.
Ukrayna Kursk bölgəsindəki əsas məqsədlərini açıqlamır, lakin Rusiyanın Ukraynadakı hədəfləri trans-sərhəd zərbələri ilə hədəf almaq üçün istifadə etdiyi ərazidən bufer zonası kimi istifadə edəcəyini bildirib.