Erməni əsilli nazirə qarşı cinayət işi qaldırıldı
14-09-2016, 08:16

Ukrayna baş prokurorluğu daxili işlər naziri Arsen Avakova qarşı cinayət işi qaldırıb.
Musavat.com Rusiya və Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkənin “24-cü kanalı”na verdiyi müsahibədə bəyan edib.
Lutsenko bu qərarın korrupsiyaya qarşı mübarizə mərkəzinin rəhbəri Vitali Şabuninin müraciətindən sonra qəbul edildiyini bildirib.
Xatırladaq ki, bu ilin fevral ayında Arsen Avakovun oğlu Aleksandr Avakovun daxili işlər nazirinin müavini Sergey Çebotarla nazirliyin hərbi hissələri üçün arxa çantaların tədarükü ilə bağlı danışıqların əks olunduğu video görüntüləri ortaya çıxmışdı.
Ukraynanın pravda.com.ua saytının verdiyi xəbərə görə, daxili işlər nazilrliyinin taktik çantalarının tədarükçü firması xarkovlu iş adamı, Vladimir Litvin adlı şəxsin adı ilə bağlıdır. Həmin adamın Arsen Avakovun yaxın bir dostunun oğlu olduğu da gələn xəbərlər arasındadır.
Qeyd olunur ki, hələ avqust ayının 26-da Ukrayna Ali Radasında Avakovun daxili işlər naziri vəzifəsindən uzaqlaşdırlıması ilə bağlı layihə təqdim olunub. Layihə parlamentin rəhbərliyinə təqdim edilib və artıq regsitrasiyadan keçib. Bununla bağlı hakim “Pyotr Poroşenkonun bloku” fraksiyasından olan deputat Sergey Kaplin təşəbbüs qaldırıb.
Avakov son dövrlərdə öz vəzifəsinin öhdəsindən gələ bilməməkdə ittiham olunurdu. Rəsmi rəqəmlər Ukraynada cinayətkarlığın 35-40 fazi artdığını göstərir.