İran prezidenti fəalların polisin bir şəxsi işgəncə ilə öldürdüyü iddiasından sonra araşdırmaya göstəriş verib

30-08-2024, 15:14           
İran prezidenti fəalların polisin bir şəxsi işgəncə ilə öldürdüyü iddiasından sonra araşdırmaya göstəriş verib
Fəalların ölkənin şimalında polis məmurları tərəfindən işgəncələrə məruz qalaraq, öldürüldüyünü iddia etməsindən sonra İran prezidenti cümə axşamı həbsdə olan bir şəxsin ölümü ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Sərəncamı həbsdə bu cür ölümləri dayandırmaq vədi ilə kampaniya aparan, keçən ay seçilmiş islahatçı prezident Məsud Pezeşkian verib. 2022-ci ildə baş örtüyünü düzgün örtmədiyi iddiası ilə Əxlaq Polisi tərəfindən həbs edilən Məhsa Əmininin həbsdə olarkən ölməsi ölkə boyu etirazlara səbəb olmuşdu.

Sonuncu hadisə ilə bağlı istintaq davam edir və artıq beş polis əməkdaşı müvəqqəti saxlanıb.

Fəallar ölən şəxsin Xəzər dənizi yaxınlığındakı Gilan vilayətinin Lahican şəhərindən 36 yaşlı Məhəmməd Mir Musəvi olduğunu deyib. Deyilənlərə görə, o, şənbə günü küçədə baş verən davadan sonra həbs edilib və çərşənbə axşamı dünyasını dəyişib.

Polis və hökumət Musəvinin ölümünün araşdırılma səbəbinə dair çox az təfərrüat təqdim edib.

Bununla belə, hüquq-müdafiə təşkilatı "Hengaw" Musəvinin qonşu Ləngərud şəhərindəki polis bölməsində saxlanıldığını, orada "möhkəm döyüldüyünü və qanaxmadan əziyyət çəkdiyini" bildirib. Onlar Musəvinin ölümündən sonra qana bulanmış kürəyini və aldığı yaraları təsvir edən bulanıq bir video yayımlayıb. Onun ayaqları və əlləri bağlı vəziyyətdə öldürüldüyü iddia edilir.

"Musəvi həbs edildikdən sonra İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin xüsusi bölməsinin təcridxanasında işgəncələr altında öldürülüb. Cinayəti ictimailəşdirməkdən çəkindirmək üçün bu gəncin ailəsinə İranın təhlükəsizlik orqanları tərəfindən təzyiq göstərilib" - deyə, "Henqaw" bildirib.

"Henqaw" Musəvinin öz dili olan və əsasən İranın şimal vilayətlərində yaşayan Gilak azlığına mənsub olduğunu müəyyən edib. Fəallar Musəvinin ölümünün həm Gilanda, həm də ölkə daxilində icmalararası gərginliyin alovlanmasına səbəb ola biləcəyini deyir.

Ölkənin şiə teokratiyasına qarşı illərlə davam edən kütləvi nümayişlərdən sonra təhlükəsizlik qüvvələrinin nəzarətində olan ölümlər insan haqları fəalları tərəfindən dəfələrlə sənədləşdirilib.

Məhsa Əmininin işində Birləşmiş Millətlər Təşkilatının müstəntiqləri 2022-ci ilin sentyabrında onun ölümünə səbəb olan "fiziki zorakılıq"a görə İranın məsuliyyət daşıdığını deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.