Əfqanıstanda həlak olan 13 amerikalı hərbçi Konqresin Qızıl Medalına layiq görülüb

12-09-2024, 15:54           
Əfqanıstanda həlak olan 13 amerikalı hərbçi Konqresin Qızıl Medalına layiq görülüb
Nümayəndələr Palatasının spikeri Mayk Conson ABŞ qoşunlarının Əfqanıstandan çıxarılarkən həlak olan 13 amerikalı hərbçinin ailələrinə ABŞ parlamentində ən yüksək mükafat olan Konqresin Qızıl Medalını təqdim edib.

Əsgərlər 170 əfqanla birlikdə 2021-ci ilin avqustunda Kabil hava limanında intiharçı hücumu nəticəsində həlak olub.

Demokratlar və Respublikaçılar tərəfindən dəstəklənən Həlak olan Əsgərlərin Şərəf Aktı 2021-ci ilin dekabrında prezident Co Bayden tərəfindən imzalanıb.

Kapitolidə keçirilən mərasimdə hər iki partiyanın liderləri həlak olan hərbçilərin fədakarlığını yüksək qiymətləndiriblər.

Senat çoxluğunun lideri Çak Şumer qanunvericiləri “hərbi üzvlərimizin fədakarlıqlarının boşa getməməsini təmin etməyə” çağırıb. Mərasim insan tələfatı ilə nəticələnən Kabildən tələsik təxliyə üçün kimin məsuliyyət daşıması ilə bağlı qarşılıqlı ittihamlar fonunda baş tutub.

Mərasim başlamazdan bir neçə dəqiqə əvvəl Respublikaçı Conson Bayden administrasiyasını tənqid edərək, ölümləri Əfqanıstandan “fəlakətli şəkildə geri çəkilmə” ilə əlaqələndiribi. Conson qurbanların ailələrindən üzr istəyib və əlavə edib ki, ABŞ hökuməti hərbçiləri qorumaq üçün daha çox şey etməli idi.

Bazar günü Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki Respublikaçılar da qoşunların çıxarılmasını araşdıran, Bayden administrasiyasını günahlandıran və Talibanla geri çəkilmə sazişini imzalayan keçmiş prezident Donald Trampın rolunu minimuma endirən hesabat yayıb.

Ağ Evin mətbuat katibi Con Kirbi hesabatı qərəzli adlandıraraq administrasiyanı müdafiə edib. Onun sözlərinə görə, sənəddə faktiki olaraq yeni məlumat yoxdur, lakin bir sıra qeyri-dəqiqliklər var.

Kirbi “təxliyə planlarının qoşunların çıxarılmasından çox əvvəl hazır olduğunu” qeyd edərək, bununla belə “hər şeyin plana uyğun getmədiyini” etiraf edib.

Pentaqon bildirir ki, hava limanındakı partlayışın qarşısını almaq mümkün deyildi və əsgərlərin kamikadzeni gördüyünə dair iddialar həqiqətə uyğun deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.