ABŞ Bağdaddakı diplomatik obyektinə hücumdan sonra qiymətləndirmə aparır
12-09-2024, 16:33
Çərşənbə axşamı Bağdaddakı ABŞ diplomatik obyektinə hücum edilib, itkilər barədə məlumat verilməyib.
Amerika səfirliyinin yaydığı bəyanatda deyilir ki, hazırda dəymiş ziyanın həcmi qiymətləndirilir. Təhlükəsizlik mənbələri Reuters agentliyinə bildiriblər ki, çərşənbə axşamı axşam saat 23:00 radələrində Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Camp Victory bazasında ABŞ əsgərləri yaxınlığına iki raket düşüb.
"Çərşənbə axşamı, sentyabrın 10-da təxminən saat 23:00-da ABŞ-ın diplomatik obyekti olan Bağdaddakı Xarici Xidmətlər Kompleksinə hücum edilib. Xoşbəxtlikdən, tələfat qeydə alınmayıb və biz dəymiş ziyanı və onun səbəblərini qiymətləndiririk”, ABŞ səfirliyinin bəyanatında deyilir.
İraqın İran tərəfindən dəstəklənən silahlı qruplaşmalarından biri Kətaib Hizbullah hücumun İran prezidenti Məsud Pezeşkianın İraqa çərşənbə günü başlayan səfərini pozmaq üçün həyata keçirildiyini bildirib.
Çərşənbə günü səhər yaydığı bəyanatda qrup İraq təhlükəsizlik qüvvələrini hücumu araşdırmağa və məsuliyyət daşıyanları müəyyən etməyə çağırıb.
Prezident kimi ilk xarici səfərini edən Pezeşkiyanın Bağdadla bir sıra ikitərəfli sazişlər imzalayacağı, İraq liderləri ilə Qəzza və Yaxın Şərqdəki müharibəni müzakirə edəcəyi gözlənilir.
İraqda 2500 amerikalı əsgər yerləşdirilib. Eyni zamanda ölkədə İranın dəstəklədiyi, İran kəşfiyyat xidmətləri ilə əlaqəli silahlı qruplaşmalar fəaliyyət göstərir. Tehranın dəstəklədiyi İraq silahlı qrupları Qəzza müharibəsi başlayandan bəri Yaxın Şərqdə ABŞ əsgərlərinə dəfələrlə hücumlar həyata keçirib.