Ukraynanın dron hücumu Rusiyanın Tver bölgəsində böyük yanğına səbəb olub

19-09-2024, 07:34           
Ukraynanın dron hücumu Rusiyanın Tver bölgəsində böyük yanğına səbəb olub
Çərşənbə günü Ukraynanın dron hücumu Rusiyanın Tver bölgəsində böyük yanğına, bir ərazinin qismən təxliyyəsinə səbəb olub.

Hücum Toropets qəsəbəsində baş verib. Ukrayna təhlükəsizlik qüvvələri bildirir ki, dronlar Rusiyanın raket və artilleriyanın saxlanıldığı silah anbarını dağıdıb.

Tverin qubernatoru İqor Rudenya yanğının dəqiq yerini bildirməsə də, Telegramda vəziyyətin “nəzarət altında” olduğunu yazıb.

Rusiyanın Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, gecə 27-si Kursk bölgəsi, 16-sı Bryansk, yeddisi Smolensk, üçü Belqorod və biri Oryol üzərində olmaqla, ümumilikdə 54 Ukrayna dronunu məhv edib. Həmin bölgələrdəki rəsmilər ciddi ziyanın dəymədiyini, tələfatın olmadığını bildirib.

Ukrayna dəfələrlə Bryansk, Kursk və Belqorod kimi sərhəd bölgələri hədəf alıb. Sərhəddən 500 kilometr uzaqda yerləşən Tverə hücum adi hal olmasa da, Ukrayna rəsmiləri Ukraynaya hücumda istifadə oluna bilən Rusiya hərbi infrastrukturunu vurmaq üçün dəfələrlə bunu istədiklərini bildiriblər.

Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiyanın ən son gecə hücumlarında üç idarə olunan raket və 52 hava dronundan istifadə olunub.

Ukraynanın hava hücumundan müdafiə sistemləri 52 drondan 46-nı vurub. Onlar Çerkası, Xerson və Kirovo bölgələri üzərində vurulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.