Rusiyada iki qubernator istefa verdi - Tambova Ukrayana qarşı döyüşmüş deputat rəhbərlik edə bilər
5-11-2024, 16:04
Bazar ertəsi Rusiyanın iki regional rəhbəri istefa verib. Tambov və Rostov vilayətlərininin rəhbərləri Maksim Eqorov və Vasili Qolubev yeni vəzifələrə keçdiklərini bəyan ediblər.
Onlar bundan sonra hökumətdə hansı mövqeləri tutacaqlarını açıqlamayıblar. Seçkilərdən sonra bölgə rəhbərlərinin rotasiyası adi bir Kreml təcrübəsidir, ehtimal ki, bir neçə gün ərzində daha bir neçə regionun rəhbəri istefalarını elan edə bilər.
Qolubev 2010-cu ildə Prezident Dmitri Medvedev tərəfindən Rostov vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. 2015 və 2020-ci illərdə iki dəfə seçkilərin qalibi elan edilib. Onun istefasını oktyabrda “Vedomosti” qəzeti Prezident Administrasiyasına yaxın mənbələrə istinadən proqnozlaşdırmışdı.
Qəzet məqaləsində bildirilirdi ki, vəzifədən kənarlaşdırılanlardan biri də Kominin rəhbəri Vasili Uiba olacaq. Onun istefasını “Minchenko Consulting” ekspert mərkəzi də qubernatorların sabitliyinə dair müntəzəm reytinqində proqnozlaşdırıb.
Eqorov 2021-ci ilin oktyabrında Tambov vilayətinə rəhbərlik edib. Onun administrasiyası Eqorova federal vəzifə təklif edildiyini bildirdi. Məmur daha əvvəl Rusiyanın Tikinti və Mənzil-Kommunal Təsərrüfatı nazirinin müavini və baş dövlət mənzil müfəttişi idi.
Üç mənbə “Vedomosti”yə bildirib ki, Qolubevin əvəzinə Rostov vilayətinə Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Yuri Slyusar rəhbərlik edə bilər. Mənbələr qeyd edib ki, Tambov vilayətinə isə Krasnodarın keçmiş meri Yevgeni Pervışov rəhbərlik edə bilər. Dövlət Dumasının deputatı kimi o, 2022-ci ildə Ukraynanın işğalında iştirak etmək üçün Rusiya ordusuna qoşulduğunu açıqlamışdı.
“AzPolitika.info”