Şolts müxalifət lideri ilə razılaşa bilmədi - Kanslerin vəziyyəti pisləşir
8-11-2024, 11:34
Almaniya kansleri Olaf Şolts hakim koalisiyanın dağılması və etimad səsverməsi keçirməyi planlaşdırması ilə bağlı müxalifətdə olan Xristian Demokrat İttifaqının (CDU) rəhbəri Fridrix Merzlə görüşüb.
"Reuters"in mənbəsi tərəflərin razılığa gələ bilmədiyini bildirib.
Kansler namizədi Fridrix Merz 2025-ci ilin yanvarında növbədənkənar parlament seçkilərini təşkil etmək və mümkün qədər tez yeni koalisiya yaratmaq üçün gələn həftə səsverməyə çağırıb. Olaf Şolts isə Bundestaqda səsvermənin yanvarda keçirilməsini təklif edib. Belə olan halda deputatlar kansleri dəstəkləməsələr, martda parlament seçkiləri keçirilə bilər.
"Bloomberg" yazır ki, hökumətdəki çətin daxili siyasi vəziyyət fonunda Olaf Şolts noyabrın 7-də Avropa Siyasi Birliyinin sammiti üçün Budapeştə səfərini təxirə salıb və noyabrın 11-22-də BMT-nin iqlim konfransının keçiriləcəyi Bakıya səfərini ləğv edib.
Azad Demokrat Partiyasının (FDP) çıxmasından sonra Olaf Şoltsun Sosial Demokrat Partiyası (SPD) və Yaşılların daxil olduğu hakim koalisiya parlamentdəki çoxluğunu itirir. Dağılmadan əvvəl Almaniyanın maliyyə naziri Kristian Lindner (FDP) istefaya göndərilib və hökumət üzvləri iqtisadi siyasətdə razılığa gələ bilməyiblər. Almaniya prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, deputatlar Olaf Şoltsa etimaddan imtina edərsə, parlament seçkilərinin keçirilməsi üçün Bundestaqı buraxmağa hazır olduğunu açıqlayıb.\\Qaynarinfo.Az