Bloomberg: NATO məxfi məlumatları Aİ və müdafiə sənayesi nümayəndələrinə ötürməyi planlaşdırır
Bu gün, 08:34
NATO gizli hərbi istehsal məlumatlarını Aİ və müdafiə sənayesi nümayəndələri ilə bölüşməyi planlaşdırır, artıq müvafiq prosesə başlanılıb.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Agentliyin mənbələrinin məlumatına görə, söhbət alyansın iştirakçı ölkələr üçün silah və texnika istehsalının məxfi göstəricilərindən gedir. Qeyd edilir ki, NATO məhz bunları sənaye nümayəndələrinə ötürmək istəyir. Blok bununla da şirkətləri hərbi istehsalı artırmağa razı salmağın yollarını axtarır.
Bildirildiyinə görə, ayrı bir prosesdə alyans artıq Aİ ilə “gizli standartlar” haqqında məlumatları paylaşmağa başlayıb. Standartlar NATO hərbçiləri arasında “qarşılıqlı fəaliyyətə” nail olmaq üçün nəzərdə tutulub. Nəşr qeyd edir ki, bu, xüsusən də silahların kalibrlərinə və hərbi terminologiyanın uyğunlaşdırılmasına aiddir.